"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyətimizi hərə bir cür müzakirə edir"
"Məğlubiyyətimizi hərə bir cür müzakirə edir. Amma bizim heç bir sıxıntımız yoxdur".
Qazet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis komanda kimi möhkəm olduqlarını bildirib: "Həm psixoloji, həm də hazırlıq baxımından tam hazırıq. Ötən oyunda uduzsaq da, sona kimi vuruşduq. Təbii ki, bəzi matçlarda udacaqsan, bəzilərində uduzacaqsan. Çalışacağıq ki, avrokuboklar uğrunda mübarizədən qopmayaq".
Son dəqiqələrdə meydanın mərkəzindən vurduğu qolla komandasına 3 xal qazandıran Ülvi İsgəndərovun çıxışını dəyərləndirən Baxşıyev onu çempionatda ən qeyri-adi hücumçulardan biri hesab edib: "Ülvidən hər zaman fərqli nəsə gözləmək olar. Hər an matçın taleyini həll edə bilər. Sadəcə, xarakter olaraq bir az dəyişməlidir. Amma onda olan bir çox komponentlər əksər futbolçularda yoxdur.".
Onun sözlərinə görə, kapitan Asif Məmmədov mikro zədəsi olduğu üçün ilk "11-lik"dən kənarda qalıb.
Baş məşqçi komandasının sərgilədiyi oyuna da toxunub: "Zirə" güclü rəqibdir. İlk dəqiqələrdən sona kimi oyundan qopmadıq. Futbolçuları da başa düşmək lazımdır. Boş tribunalar önündə oynamaq çox çətindir. Sanki məşq edirsən. Ümid edirəm, bir də bu cür hal təkrarlanmayacaq. Azarkeşsiz futbol olmur. Bugünkü qələbəni fanatlarımıza həsr edirik".