"Qələbəmi şəhidlərimizə həsr edirəm" - Dünya çempionu Abdulla Qədimbəyli
İtaliyada keçirilən gənclər arasında şahmat üzrə dünya çempionatında iki azərbaycanlı təmsilçi Gövhər Beydullayeva və Abdulla Qədimbəyli qalib olublar.
Belə ki, bu gənclər şahmat üzrə dünya çempionu adına yiyələnərək ölkənın adını şahmat arenasında bir daha yüksəltməyə nail olublar. Abdulla Qədimbəyli bu mövzu ətrafında Qazet.az-a öz təəssüratlarını bölüşüb. O, 2002-ci il 2 yanvar tarixində Bakıda doğulub. Bakı şəhəri 287 nömrəli "Zəkalar" liseyinin məzunudur. 2 qat Avropa çempionu, 4 qat Azərbaycan çempionu, dünya çempionatının qalibi, Al–Ain Beynəlxalq Çempionatında I yerin sahibi, FİDE ustası, 2014-cü ildə Beynəlxalq usta norması adına layiq görülüb. 2022-ci ildən qrossmeysterdir. 2010-cu ildə 8 yaşlılar arasında keçirilən turnirdə dünya çempionu olan Abdullanın 2022-ci ildə qazandığı bu uğur ikinci dünya çempionluğunu əldə etməsinə gətirib çıxardı.
Abdulla Qədimbəyli Qazet.az-a öz fikirlərini belə ifadə etdi:
"Bu hissləri başa salmaq çox çətindir əlbəttə ki çox xoşbəxtəm.Qələbəmi Şəhidlərimizə həsr edirəm,bayrağımızı qaldırıb himnimizi səsləndirmək böyük qürur hissi idi. Rəqiblərim arasında ən çətin rəqib Andrey Esipenko idi. O, turnirin reytinq favoriti idi. Əlbəttə ki, xanım həmkarımın qələbə xəbərinə Azərbaycan komandası olaraq çox sevindik. Motivasiyam bayrağımızı qaldırmaq və himnimizi səsləndirmək idi. 20 yaşlılar arasında Dünya çempionatı yaş qruplarının ən çətinidir, hər ikisinin də öz çətinliyi var. Qələbə xəbərini birinci müəllimim Ağarəhimov Cahangir ilə paylaşdım. Valideynlərimlə turnirdən sonra danışdıq. Çox sevindilər. Gənc şahmatçılara çoxlu çalışmaq və qələbələrə inanmaqlarını tövsiyə edirəm".