Qızıl Xaç Komitəsinin üzvləri ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüş keçirilib. Görüşdə agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Müdafiə məsələləri üzrə koordinatoru Byorn Oliver Ram, psixoloji sağlamlıq və psixososial dəstək üzrə nümayəndəsi Mariana Fraqa Pfister və başqaları iştirak edib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Qazet.az-a verilən məlumata görə, iki təşkilat arasında qarşılıqlı fəaliyyətin yaradılması, həmçinin İraq və Suriyadan repatriasiya edilən Azərbaycan vətəndaşları ilə əlaqədar görülən sosial-reabilitasiya işlərindən danışılıb.
V. Behbudov müvafiq sosial xidmət müəssisəsində yerləşdirilən repatriantların zəruri qayğı və sosial xidmət tələbatları qarşılandığı, növbəti mərhələdə isə həmin şəxslərin ən uyğun sosial inteqrasiyasını və sosial reabilitasiyasını təmin etmək məqsədilə sosial-psixoloji vəziyyətlərinin təfsilatlı qiymətləndirilməsi aparıldığı barədə danışıb. Məlumat verilib ki, repatriantlar müəssisədə ilkin sosial-reabilitasiya xidmətləri ilə təmin olunduqdan sonra qohumlarına təhvil verilir, sosial-reabilitasiya və reinteqrasiya tədbirləri həmin şəxslərin yaşadıqları ərazi üzrə digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində davam etdirilir.
Qeyd olunub ki, bu ilin ötən dövründə agentliyin psixoloqları tərəfindən 105 repatriasiya olunmuş şəxs sosial reabilitasiya və reinteqrasiya işinə cəlb edilib. Ümumilikdə ölkə üzrə 149 ailədən 390 repatriasiya edilmiş şəxs və onların qəyyumları ilə bu sahədə iş aparılır.
Görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub.