Qriqoryan: "Azərbaycanla sülh müqaviləsi ilin sonuna qədər imzalanacaq"
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər.
Qazet.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ fəal iştirak nümayiş etdirib. İlk görüş Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri səviyyəsində keçirilib. Onu Nyu-Yorkda dövlət katibi Entoni Blinken təşkil edib. Bundan sonra ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş təşkil edib.
"Biz əsasən Ermənistan və Azərbaycana aid bir sıra məsələləri müzakirə etdik", - Qriqoryan bildirib.
Tərəflər sülh müqaviləsinin əldə olunmasının vaxtını da müzakirə ediblər.
Onun sözlərinə görə, ilin sonuna kimi delimitasiya prosesinin aparılması ilə bağlı razılıq var. Sülh müqaviləsi və delimitasiya bir-biri ilə əlaqəlidir.
"Deyə bilərik ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi başa çatıb. Qarşılıqlı razılığa gəlmək bizə qalır ki, görülən işləri əsas, ölkələr arasında sərhəd kimi qəbul edirik", - Qriqoryan bildirib.