Quterreş Şimali Koreyanı dialoqa çağırıb
BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın yeni qitələrarası raket buraxılışını pisləyib.
Qazet.az xəbər verir ki, bu barədə baş katibin ofisinin yaydığı məlumatda deyilir.
Quterreş Pxenyanı Koreya yarımadasında sülhə nail olmaq üçün dialoqu bərpa etməyə çağırıb.
“Baş katib bir daha KXDR-i təxribat xarakterli hərəkətlərini dərhal dayandırmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq beynəlxalq öhdəliklərinə tam əməl etməyə və dialoqun bərpası üçün təcili addımlar atmağa çağırır. O Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə nail olmaq üçün davamlı sülhün dəstəklənməsinin vacibliyini bildirib”,- deyə məlumatda qeyd olunub.
Yaponiya tərəfinin verdiyi məlumata görə, Şimali Koreya səhər saatlarında qitələrarası raket buraxıb. Raket Yaponiyanın Hokkaydo adasından təxminən 200 km qərbə düşüb.
Yaponiya Müdafiə Nazirliyinin hesablamalarına görə, adi trayektoriya üzrə buraxılan belə raket 15 min km-dən çox uça və ABŞ-ın kontinental hissəsinə çata bilər.