Rasim Məmmədovun müavini barəsində cinayət işi açıldı
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.
Qazet.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda "Baku Steel Company"nin maliyyə direktoru, sonradan isə müşahidə şurası sədrinin birinci müavini olmuş Çingiz Həsənov dindirilib. Məhkəmədə məlum ki, cinayət işi ilə bağlı Rasim Məmmədovla birgə Çingiz Həsənov da həbs olunubmuş.
Eyni maddələrlə ittiham olunan Çingiz Həsənov 8 ay Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlandıldıqdan sonra azadlığa buraxılıb. Hazırda onunla bağlı cinayət işi ayrıca icraata götürülüb.
Rasim Məmmədovun vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqova vəsatət qaldıraraq təqsirləndirilən şəxs kimi tanınmış şəxsin şahid qismində ifadə verməsinə etiraz ediblər:
"Çingiz Həsənov da Rasim Məmmədovla birgə eyni maddələrlə ittiham olunur. Biz indi onun hansı ifadəsinə inanacağıq?"
Məhkəmə vəsatəti əsasız hesab edərək rədd edib.
Şahid, Rasim Məmmədovla eyni məktəbdə oxuduğunu, aralarında möhkəm dostluq münasibətləri olduğunu, sonradan isə onun şirkətində işləməyə başladığını deyib.
Çingiz Həsənov işlə bağlı danışarkən deyib ki, "Baku Steel Company"dən qeyri-rəsmi metallar çıxıb, buna görə də sonradan kassada kəsir yaranıb: "O kəsirə görə mən 8 ay həbsdə yatdım. Rasimə dəfələrlə demişdim ki, buna görə bizim başımız ağrıyacaq. Hər dəfə də deyirdi ki, bağlanacaq".
Dövlət ittihamçısı ilə sual-cavabı zamanı Rasim Məmmədova məxsus 3 ofşor şirkətin olduğu məlum olub.
Təqsirləndirilən şəxslə şahidin üzləşməsi zamanı aralarında mübahisə yaranıb: "Sən deyirsən mənim dostum olmusan, amma elə olmadığını gördüm. Mən istintaq dövründə 22 milyon pul bağlamışam".
Bu zaman şahid Rasim Məmmədovu işi düz qurmamaqda, hər şeyi başqalarının üstünə atmaqda ittiham edib: "Adam öz mənliyini, şərəfini qoruyar. Sən yaxşı dost olsaydın qoymazdın içəri düşək".
Rasim Məmmədov isə şahidə "Danışığını bil, heç vaxt mənimlə belə danışa bilməmisən", deyə cavab verib.
Prosesin davamında şahidin istintaq dövründə verdiyi ifadə elan olunub. Sabiq maliyyə direktoru həmin ifadəsində kassada yaranan kəsirlərin Rasim Məmmədovun şəxsi xərclərinə pullar xərcləməsi ilə əlaqələndirib.
Rasim Məmmədov ifadəsini belə bitirib: "Mənim pulum gedib, zavodlarım gedib, özüm də gəlib oturmuşam burda. Kimsə kiminsə malını satıb göndərib N saylı mərkəzə. Problem məndədir ki, bu zavodu almışam".
"Baku Steel Company"in tərkibindəki "Azəri Boru" şirkətinin 6 il rəhbəri olmuş Bahadur Əliyev də məhkəmədə ifadə verib.
Şahidin sözlərinə görə, işlədiyi müddətdə "Baku Steel Company"ə 98 min 800 ton metal göndərilib.
Şahidin ifadəsində ziddiyyətlər yarandığı üçün istintaq dövründəki ifadəsi elan olunub. O, istintaqdakı ifadəsində "Azəri Boru"dan çıxan metalın sadəcə, 10-15 faizinin rəsmiləşdirildiyini, şirkətin Vergilər Nazirliyinə 6 milyon manat borcu yarandıqdan sonra isə işdən çıxdığını deyib: "Rasimə dəfələrlə demişdim ki, şirkətin bu qədər borcu var. Buna görə neçə dəfə Vergilər Nazirliyinə gedib-gəldim. Axırda bezib işdən çıxdım".
Şahid şirkətdən çıxan metalın 80-85 faizinin rəsmiləşdirilməməsi ilə bağlı dediklərini məhkəmədə boynuna almayıb:
"Mən bilmirəm".
Bu cavab isə prokuror Orxan Səmədovu qane etməyib: "İstintaqda başqa şey demisiz, burda başqa şey deyirsiz. Orda da deyərdiz ki, bilmirəm də".
Təqsirləndirilən şəxs şahidin istintaq zamanı verdiyi ifadəsi ilə razılaşmayıb: "Mənim səhvimdir ki, 20 milyona "AzəriBoru"nu almışam. Möhtərəm hakim, bu işin axırını siz də bilirsiz, mən də. Gəlin, qurtaraq bu söhbəti".
Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.