"Regionlarda iş yerlərinin azlığı ciddi problemdir" - Zakir Eminov / Eksklüziv
“Bizim sözügedən inzibati rayonlarımız mərkəzi hökümətin dotasiyası hesabına yaşayır”
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov Azərbaycanda bəzi rayonların ləğv edilməsi təklifini həmin rayonların ölkə iqtisadiyyatında heç bir rolunun olmaması ilə əsaslandırıb.
“Bilirik ki, regionlarda olan iş yerlərinin sayı azdır. Əhalinin böyük qismi Abşeronda toplanır. Leqal və qeyri-leqal bunun fərqi yoxdur, əsas olan artım müşahidə olunur. Bu da həm regionlar üçün, həm də Abşeron üçün ciddi problemdir”
Coğrafiya İnstutunun baş direktoru Zakir Eminov Qazet.az-a açıqlmasında bildirib ki, bu gün regionlarda icra nümayəndəlikləri və bələdiyyələr düzgün fəaliyyət apara bilmir.
"Bizim sözügedən inzibati rayonlarımız mərkəzi hökümətin dotasiyası hesabına yaşayır. Ölkədə ümumi daxili məhsul istehsalında həmin rayonların payı heç 1%-ə çatmır. Bunu deyim ki, ölkədə ümumi pərakəndə ticarət dövriyyəsi var və onun 56%-i Bakı şəhərinin payına düşür. Məhz həmin rayonlarda isə bu göstəricilər aşağı səviyyədədir. Digər tərəfdən icra hakimiyyətlərinin ölkədə iqtisadi islahatların aparması, rayonlarda yeni istehsal-xidmət sahələrinin yaradılması üçün heç bir fəaliyyəti yoxdur. Ölkədə hansısa icra başçısını təşəbbüsü ilə heç bir dənə də olsun müəssisə açılmayıb. Mən də bunun ətrafında deyirəm ki, həmin kiçik və fəaliyyəti olmayan rayonlar ləğv edilsin.
Dediyim odur ki, misal üçün Qarabağ üzrə Prezidentin xüsusi nümayəndəsi var. Bilirik ki, yeni iqtisadi rayonların öz bölgüsü var. Həmin iqtisadi rayonlar üzrə Prezidentin nümayəndələri təyin edilsin və heç bir fəaliyyəti olmayan icra nümayəndəlikləri, onlara aid olan funksiyaların bir çoxu ləğv edilsin. Həmçinin bələdiyyələrin fəaliyyətini artırmaq lazımdır. Bir sözlə regionlarda iqtisadi fəallığın artırılması üçün təsirlərin genişləndirilməsi lazımdır", deyə baş direktor bildirib.
Reigonlarda iş yerlərinin az olmasının ciddi problemlər doğuracağını söyləyən Zakir Eminov bununla bağlı təklifi irəli sürdüyün bildirib.
Dönməz Hüseyin