Rəşad Sadıqov: "Onların Qurban Qurbanovu dəstəklədiyini görməmişəm" - VİDEO
Millidə daha təcrübəli baş məşqçi olmalıdır, bundan əlavə, həmin şəxsin beynəlxalq təcrübəsi də lazımdır
"Ağasəlim Mircavodun müsahibəsini oxumuşam. Bu məsələni açırıqsa, bir-iki detala toxunacağam. Səhv etmirəmsə, deyib ki, millidə daha təcrübəli baş məşqçi olmalıdır, bundan əlavə, həmin şəxsin beynəlxalq təcrübəsi də lazımdır. Açıqlamanı oxuyanda artıq məndə fikir formalaşmışdı".
Qazet.az "Report"a istinadən xəbər verir ki, bunu "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov AFFA Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun fikirlərinə münasibət bildirərkən deyib.
39 yaşlı mütəxəssis bildirib ki, Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev, Əsgər Abdullayev və Kazbek Tuayevin heç birinin millinin sükanı arxasında keçəndə beynəlxalq təcrübəsi olmayıb: "Bundan əlavə, əgər avrokubok təcrübəsindən danışırıqsa, Qurban Qurbanovun yetərincə təcrübəsi var. Bu gün o açıqlamanı verənlərin Qurban müəllimi dəstəklədiyini görməmişəm. Bir məşqçinnin haraya necə təyin olunmasına gəlsək, Xosep Qvardiola “Barselona”ya haradan gəlmişdi? İkinci komandadan. Zinəddin Zidan da "Real Madrid"ə elə gəlmişdi. İkisi də Çempionlar Liqadının qalibidir. Andrey Şevçenko Ukrayna millisinə haradan gəldi? Belə çox misal göstərə bilərəm".
Sadıqovun sözlərinə görə, məşqçi təcrübə ilə təyin olunmur: "Mütəxəssisin metoduna, psixologiyasına, futbolçularla ünsiyyətinə və münasibətinə, seçdiyi oyun üslubuna, əlində olan futbolçulara baxırsan. Qiymətləndirdikdən sonra 1,2 və ya 3 il vaxt verirsən. Bu atılan cümlələr hamısı əsassızdır. Çox istəyərəm ki, üzbəüz belə fikirlər səsləndirilsin və mən müzakirə edim. Niyə Nikola Yurçeviç milliyə baş məşqçi təyin olunanda bir nəfər çıxıb demədi ki, onun təcrübəsi yoxdur? Heç nə deyən olmadı axı. Ona görə deyirəm ki, özümüzünkülərə qiymət verək. Məncə, bütün millilərdə baş məşqçilər yerli olmalıdır. Ya da bu millətin mentalitetinə, futboluna tam bələd, 10 il burada çalışmış əcnəbi yığmada işləyə bilər".
Gənc baş məşqçi De Byazinin zəif mütəxəssis olmadığını sözlərinə əlavə edib: "De Byazi bu gün uğurlu ola bilmirsə, o demək deyil ki, zəif baş məşqçidir və ya Qurban Qurbanovun rəhbərliyi altında Millətlər Liqasında qrupdan çıxmadıq, bu o demək deyil ki, uğursuz çıxış alınıb. Gedişat göstərdi ki, millinin son olaraq ən uğurlu dövrü elə onun vaxtında olub. Açıqlamalarda ikili standartlar var. Çünki özləri də beynəlxalq təcrübələri olmadan baş məşqçi təyin olunublar. Bir vəziyyətdə belə, digərində başqa cür danışırlar. Niyə azərbaycanlı mütəxəssisləri dəstəkləməyək?
Bu gün çempionatda məhdud imkanlarla elə iş görən məşqilər var ki, əcnəbi mütəxəssisin bunları edəcəyinə şübhə ilə yanaşıram. Yerli məşqçi nə etməlidir ki? Büdcəsi aşağı olan komandanı çempion etməlidir? Aydın məsələdir ki, bəzi reallıqlar var. Bu gün Xavi Qətərdə işləyir, "Barselona" gecə-gündüz düşüb onun dalınca. Onun hansı təcrübəsi var? Ancaq bilirlər ki, onun fəlsəfəsi komandaya uyğun gəlir və komandanı xilas edə bilər. Baş məşqçi təyinatı spesifik məsələdir. Ona görə də, yanaşma savadlı şəkildə olmalıdır. Bu, geniş mövzudur və saatlarla danışmaq olar. Bunlar mənim fikrimdir, bəlkə də nəyisə düz demirəm. Sözlərimdə yalnışlıq varsa, düzəliş etsinlər".
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müsahibəsində klubların əvəzedici komandalara fikir vermədiyini və yığmaların nəticələrində günahkar olduğunu söyləyib. Rəşad Sadıqov isə qəti şəkildə bu fikirlə razılaşmadığını vurğulayıb: "Bu, tam başqa mövzudur. Akademiyalar, futbolun ümumi inkişafı, regionlarda futbol və s. ayrı mövzulardır. Ora girmək istəmirəm. Plan tutmaq lazımdır. Tutaq ki, mən "Zirə" olaraq etmirəm, "Səbail" və "Keşlə" də etmir. Necə olacaq? Fərz edək ki, mən kənardan bir şəxsəm, baxıram ki, "Zirə"nin akademiyası ideal deyil. İdeal akademiya etməyə imkan yoxdur.
"Səbail" 3-4 ay maaş almadığını oxuyuruq. Bütün bunlar necə olacaq? Biz hamımız qıraqda durub klublar yetişdirmir deyək? Bir tədbir görülməli, plan cızılmalı və sistem qurulmalıdır. Biz klublarımızın müəyyən imkanlarını bilirik. "Qəbələ", "Zirə", "Səbail" və "Sumqayıt"ın da imkanlarını bilirik. Kimin gücü nəyə çatır, ondan edir. Bu kifayət etmir, bunu artırmaq üçün nə etməliyik? Sual budur".
Sadıqov həmçinin bildirib ki, Premyer Liqanı yaxşı oyunçularla təmin etmək üçün I Divizion yaxşı səviyyədə olmalıdır: "I Divizion yaxşı olsa, oradakı futbolçular əsas çempionata güc və yenilik qata bilərlər. Mən bu il komandaya həmin çempionatdan 2-3 futbolçu götürmüşəm. Hətta birini də oynatmışam.
I Divizionu diqqətdə saxlayıram, harda perspektivli oyunçu görsəm, şans verirəm. Ən azından əsas komanda ilə məşqlərə cəlb edirəm və formalaşmasına şərait yaradıram. Bizim əvəzedici heyətimizdə cavan oyunçular çoxdur. Çalışırıq ki, 17,18 və 19 yaşlı futbolçular orada oynasın. Əvəzedici liqa ayrı olsa, məncə lap yaxşı olar. I Divizionu isə regionlarla bərabər gücləndirməliyik. Oradan hansısa klub Premyer Liqaya vəsiqə uğrunda oynasa, hansısa nöqtəyə gələ bilərik".