Rəssam Kənan Şeyxzamanlı: “Rəqəmsal Tıq-tıq xanım “TikTok”da 80 mindən çox baxış topladı” - MÜSAHİBƏ + FOTO
O, müsahibəsində məşhur Tıq-Tıq xanıma yeni “rəqəmsal nəfəs” verməsi barədə danışıb
NFT (Non-Fungible Token) – mübadilə olunmayan tokenlərdir. Hər bir NFT təkraredilməzdir və tək nüsxədə təqdim edilir. Onu bölmək mümkün deyil, onun müəllifi, alıcısı və üzərində aparılan digər əməliyyatlar haqqında informasiya etibarlı şəkildə blokçeyndə saxlanılır. Digər sözlə, NFT unikal obyektə bənd edilmiş rəqəmsal sertifikatdır.
Azərbaycanda NFT bir o qədər də məşhur olmasa da, dünyada getdikcə daha çox istifadə edilməkdədir. Bir qayda olaraq, bu, yaradıcı insanlar üçün öz yaradıcılığını maddiləşdirmək imkanıdır.
“ALOV Club” layihəsi çərçivəsində Tanınmış azərbaycanlı rəssam Kənan Şeyxzamanlının 7 illüstrasiyası NFT-kolleksiyası üçün pilot işlər kimi seçilib.
O, “Media.Az”a müsahibəsində məşhur Tıq-Tıq xanıma yeni “rəqəmsal nəfəs” verməsi barədə danışıb:
"İllüstrasiyaları NFT formatında nümayiş etdirmək ideyası ötən ilin əvvəlində pandemiya yenicə baş qaldıran vaxt gəldi. Əvvəlcə milli filimlərimizdəki obrazları çəkməyə başladım, daha sonra cizgi filimlərinə keçdim. Diqqətimi ən çox Tıq-Tıq xanım çəkdi. Onu tamaşaçılara yeni, daha müasir obrazda təqdim etmək istədim. Mənə elə gəlir ki, buna nail ola bildim. Belə ki, bu illüstrasiyam “virus” kimi geniş yayılmağa başladı. O, sosial şəbəkə istifadəçilərinin diqqətini çəkdi və internetin Azərbaycan seqmentində məşhurluq qazandı. Təkcə “TikTok”da baxış sayı 80 mini ötmüşdü.
- Bununla da tam bir obrazlar kolleksiyası meydana gəldi…
- Bəli, mən onu müxtəlif stillərdə çəkməyə, müxtəlif dövrlərdə, məsələn, yapon gözəli şəklində təqdim etməyə başladım. Bundan başqa, kolleksiyamda onu mirvari tanalı qız kimi də təsvir etmişdim.
- Siz Yan Vermeyerin rəsmini nəzərdə tutursunuz?
- Bəli, bu, sözügedən niderlanlı rəssamın ən məşhur əl işlərindən biridir. Bu minvalla Tıq-Tıq xanım haqqında serial yaratmaq ideyası yarandı. Lakin bu ideyanı reallaşdırmaq üçün komanda yığmaq və müvafiq olaraq müəyyən büdcə tələb olunur.
- Hansı məbləğdə büdcədən söhbət gedir?
- “ALOV Club” layihəsi çərçivəsində azərbaycanlı rəssam və incəsənət xadimlərinin milli NFT-kolleksiyasını yaradırıq. Hələlik kolleksiyaya Tıq-Tıq xanım haqqında 7 pilot illüstrasiyam daxil ediləcək. Hər bir illüstrasiya gələcəkdə hazırlanacaq “Tıq-Tıq xanım: yeni sərgüzəştlər” adlı serialın bir epizoduna həsr olunub. İllüstrasiyalar satılmağa başlanandan sonra toplanmış pulla serial çəkməyi planlaşdırıram.
- Maraqlı ideyadır…Həm də bu istiqamət bütün dünyada çox məşhurdur…
- Bəli. Layihəmizin əsas məqsədi azərbaycanlı incəsənət xadimlərini qlobal rəqəmsal incəsənət dünyasında təşviq etməkdir. Söz düşmüşkən, bu istiqamət 2017-ci ildə inkişaf etməyə başlansa da yalnız indi müəyyən partlayışa səbəb olub.
Qeyd edək ki, NFT tokenə çevrilmiş ilk incəsənət nümunəsi rəssam Benksinin 2007-ci ildə çəkmiş olduğu “Morons” (White) adlı ağ-qara trafaretdir. “Injective Protocol” blokçeyn şirkəti onu alıb, yandırıb və “rəqəmsal incəsənət nümunəsi”nə bən edilmiş virtual aktiv – NFT token yaradıb.
- Hazırda Tıq-Tıq xanım rəqəmsal illüstrasiyaları hansı platformada nümayiş olunur?
- “opensea.io” platformasında. Maraqlanan hər kəs onlara tamaşa edə bilər.
- Bəs onları necə əldə etmək olar?
- Onlar efirium (paylanmış reyestr texnologiyası – blokçeyn bazasında onlayn servislərin yaradılması üçün platforma) kriptovalyutasına satılır.
Bütün əl işləri əbədi saxlancda (IPFS) saxlanılır. Rəqəmsal işi alan şəxs həm də sertifikat alır. Sertifikat məhz token sahibinin işin orijinal surətinin sahibi olduğunu təsdiq edən kod sətirləri şəklindədir.
- NFT-ni investisiya hesab etmək olar? Alıcı bununla hər hansı gəlir əldə edir?
- NFT insana obyektin həm fiziki, həm də virtual sahibi olmaq imkanı verir. Blokçeyn unikal predmeti məhz sizin almağınız faktını təsdiq edir. İnsan rəsm əsərini təkcə rəqəmsal formatda deyil, həm də real şəkildə ala bilər. Məsələn, real dünyada da satılmış sahənin şəkli NFT-də ola bilər. Beləliklə, onu əldə etmiş şəxs sahənin həm rəqəmsal, həm real dünyada sahibinə çevrilmiş olur.
NFT hüquqlarını əldə edən şəxs faktiki olaraq bu sənət əsərinə investisiya qoymuş olur. Belə ki, məşhurlaşdıqca onun qiyməti də artır, bununla da öz sahibinə pul qazandırır. Kolleksiyaçılar və digər incəsənət pərəstişkarı üçün bu cür satınalmalar rəsm əsərlərinin orjinallarının alınması ilə eyni mahiyyət kəsb edir.
- Son olaraq, niyə məhz Tıq-Tıq xanım?
- Tıq-Tıq xanım toplu bir obrazdır. Onu müasir xanım blogerlərin, aktyorların və digər tanınmış şəxslərin timsalında təsvir etmişəm. Tanınmış azərbaycanlı xanımları dünyaya nümayiş etdirmək istəyirəm.