Bakı 21˚C Intermittent clouds

Rus dilində dərs deyən müəllimlər üçün YENİLİK

Cəmiyyət 17:40 22 noy, 2022
Rus dilində dərs deyən müəllimlər üçün YENİLİK

2022-ci il noyabrın 26-27-də Bakıdakı Rus Evində “Rus dilinin tədrisində layihə-tədqiqat fəaliyyətinin effektiv formaları: nəzəriyyədən təcrübəyə” mövzusunda öyrədici kurs keçiriləcək. Tədbir “Rus humanitar missiyası” avtonom qeyri-kommersiya təşkilatı, Bakıdakı Rus Evi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən Qazet.az-a verilən məlumata görə, kursun proqramına rus dilində dərs deyən müəllimlər və pedaqoji fakültələrin yuxarı kurs tələbələri üçün mühazirələr və praktiki məşğələlər daxildir.

Moskva vilayəti Dövlət Universitetinin rus dilinin tədrisi metodikası kafedrasının dosenti, filologiya elmləri namizədi, bir neçə kitabın və vəsaitin müəllifi Anna Petanova rus dilinin tədrisində layihə və rəqəmsal texnologiyaların tətbiqi və “çevrilmiş sinif” modelindən istifadənin linqvistik-didaktik aspektləri barədə söhbət açacaq. Bundan əlavə, Anna Petanova “Rus dilində danışmaq vaxtıdır” adlı təhsil resursu nümunəsində öz layihəsinin yaradılması təcrübəsini bölüşəcək.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rus dili və mədəniyyət institutunun rus dili kafedrasının böyük müəllimi, rus dilinin tədrisinə aid vəsaitlər müəllifi Marina Barintseva təhsilə şəxsiyyətyönümlü yanaşma kontekstində müəllimin peşəkar səriştəsinə həsr edilmiş ustad dərsi və rus dilinin tədrisində interaktiv oyun texnologiyalarından istifadə edilməsi üzrə praktikum keçəcək. Kurs çərçivəsində dərsdə leksik-qrammatik materialın tətbiqinin xüsusiyyətləri, müasir onlayn və oflayn lüğətlərlə iş, habelə uşaqların nitqinin inkişaf etdirilməsinə dair tövsiyələrə xüsusi diqqət yetiriləcək.