Bakı 10˚C Intermittent clouds

Rusiya “Böyük Yeddilərə” qarşı bu təşkilatı gücləndirmək istəyir

Gündəm 14:20 05 iyl, 2022

Rusiyanın məqsədi aydındır

Rusiya “Böyük Yeddilərə” qarşı bu təşkilatı gücləndirmək istəyir

“Böyük Yeddilərin” (ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Fransa və Yaponiya) ötən həftə Almaniyada gerçəkləşən toplantısında əsas müzakirə mövzusu Rusiya idi. “Böyük Yeddilər” Rusiyaya qarşı sanksiyaların sərtləşməsi barədə fikir mübadiləsi apardılar. Ancaq hələ ki, Qərb dövlətlərin ortaq qərarları Rusiyanı durdurmur”.

Qazet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. 

E.Şahinoğlu qeyd edib ki, “Böyük Yeddilər” Rusiya ilə Çin arasında tərəfdaşlıq münasibətlərindən də narahatdırlar: “Təsadüfi deyil ki, “Böyük Yeddilər” Pekinin Kremlin siyasətinə təsir etməsini istəyiblər. “Böyük Yeddilərin” məntiqinə görə, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini durdurmaq üçün Kremlə təzyiq etməlidir. Bunun reallaşması mümkün deyil. Əksinə, Pekin Rusiya-Ukrayna müharibəsinə görə Qərbi ittiham etməkdə maraqlıdır”.

Politoloqun sözlərinə görə, “Böyük Yeddilər” bir tərəfdən rəsmi Pekini yola gətirməyə çalışırlar, digər tərəfdən NATO-nun yeni konsepsiyasında Çin təhlükələrdən biri kimi dəyərləndirilib:

“Rəsmi Pekin NATO-nun bu dəyərləndirməni təxribatçı adlandırıb. Rəsmi Pekin hesab edir ki, NATO “soyuq müharibə” dövründəki baxışlarını davam etdirir. Çin NATO-nun Avropanı qarışdırdığını, indi isə hədəf kimi Asiya qitəsini seçdiyini bildirib. Bu arada, Kreml “Böyük Yeddilərə” qarşı BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi ) sıralarını genişlədirməyə qərar verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq genişlənmə prosesinə start verildiyini bildirib. Lavron növbəti iki ölkənin adını da çəkib: “Argentina və İran layiqli namizədlərdir”. İran BRİKS-ə üzv olmaq üçün müraciət göndərib. Argentinanın da Braziliyanın ardınca təşkilata qoşulmaq istəyi var”.

Ekspert onu da qeyd edib ki, Rusiyanın məqsədi aydındır:

“Kreml BRİKS-i genişləndirmək yolu ilə ətrafında Qərbə qarşı siyasi blok formalaşdırmağa çalışır. BRİKS ölkələri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləmirlər. Buna baxmayaraq, BRİKS ölkələrinin Rusiya ilə əməkdaşlıqlarını davam etdirmələri və Kremllə təmaslarını davam etdirməsi də prezident Vladimir Putin üçün vacibdir. Kreml BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə ABŞ əleyhinə çoxqütblü dünya formalaşdırmağa çalışır”.