Rusiya qaz ixracından 640 milyon avro əldə edir
Qərbin neft sanksiyalarından Rusiyanın sutkalıq itkiləri hesablanıb
Ad - 00:06
"Çıxarılan yanacağın ixracından gələn gəlirlər Putinin xüsusi əməliyyatının maliyyə qan damarıdır..."
"Qiymət həddini aşağı salmaq və embarqonu gücləndirmək lazımdır..."
"Avropa İttifaqının embarqosu və qiymət həddi Rusiyanın xam neft satışından gəlirlərini azaldıb..."
Moskvanın embarqo və qiymətlər həddinin tətbiqi ucbatından çıxarılan yanacağın ixracından gəlirləri xeyli azalıb. Gözlənilir ki, yeni məhdudiyyətlər qüvvəyə minəndən sonra gəlirlərin azalması davam edəcək.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber7" nəşri məlumat verir.
Aparılan hesablamalar Moskvanın xam neft satışından gəlirlərinin 32 faiz azalmasını göstərir. Ukraynada hərbi münaqişə ona gətirib çıxarıb ki, Rusiya Qərb tərəfdən iqtisadi sanksiyalarla üzləşib. Qərb ölkələri Rusiya nefti və təbii qazına embarqo qoyub. "Enerji və təmiz hava tədqiqatları Mərkəzi" (CREA) bu sanksiyalara görə itkiləri hesablayıb.
Rusiya sutkada 160 milyon avro itirir
Məlumat verilir ki, çıxarılan yanacağın ixracından Rusiyanın gəlirləri embarqo və qiymət həddi tətbiqi ucbatından xeyli azalıb. Bu tədbirlər ona gətirib çıxarıb ki, Rusiyanın xam neft satışından gəlirləri 32 faiz azalıb. Hesablanıb ki, Rusiya sutkada 160 mln avro itirir.
Çıxarılan yanacağın ixracından sutkalıq gəlir 640 milyon avrodur
Gəlirlərin aşağı düşməsinə rəğmən, Rusiya çıxarılan yanacağın ümumi ixracından sutkada 640 milyon avro qazanır. Digər tərəfdən, güman edilir ki, fevralın 5-dən Avropa İttifaqınin Rusiyadan neft məhsullarına embarqosunun qüvvəyə minməsi ilə sutkalıq itkilər 120 milyon avro təşkil edəcək. Beləliklə, Rusiyadan xam neftə və neft məhsullarına qoyulan qadağa və qiymət həddi, proqnozlaşdırıldığına görə, ölkənin sutka ərzində energetika gəlirləri 280 milyon avro azalacaq.
Gəlirlərin azalmasının davam edəcəyi gözlənilir
CREA-nın məlumatına görə, Rusiya qiymət həddi çərçivəsində xam neft tədarükündən 3, 1 milyard avro qazanıb. Bu məbləğin 2 milyard avrosu dövlət büdcəsinə, bilavasitə Rusiya hökumətinə köçürülən vergidir. Güman edilir ki, qiymət həddinin 60 dollardan 25-30 dollaradək aşağı salınması Rusiyanın neft ixracından gəlirlərinin ən azı gündə daha 100 milyon avro azalmasına gətirib çıxaracaqdır.
"Rusiyadan yerdə qalan neft və qaz idxalını məhdudlaşdırmaq çox vacibdir"
CREA-nın aparıcı analitiki Lauri Müllivirta qeyd edib ki, Avropa İttifaqının neft qadağası və qiymət həddinin tətbiq edilməsi, gözlənildiyi kimi, xeyli təsir edib. "Bu, onu göstərir ki, bizim Ukraynaya Rusiyaya qarşı tab gətirməkdə yardım etmək üçün alətlərimiz var, - analitik davam edib. - Qiymət həddinin Kremlin neft satışından vergiqoyma gəliri əldə etməyə imkan verməyən səviyyəyə qədər endirmək və Rusiyadan yerdə qalan neft və qaz idxalını məhdudlaşdırmaq çox vacibdir".
"Qiymət həddini aşağı salmaq və embarqonu gücləndirmək lazımdır"
"Razom We Stand" qeyri-hökümət təşkilatının təsisçisi və direktoru Svetlana Romanko embarqonun ilk ayı ilə əlaqədar vurğulayıb: "Çıxarılan yanacağın ixracından gələn gəlirlər Putinin xüsusi əməliyyatının maliyyə qan damarıdır. Avropa İttifaqı və G7-nin bu qanlı əlaqəni qırmaq üçün bütün qüvvə və alətləri var. Kreml ilə yalnız güc və pullar danışa bilər. Qiymət həddini aşağı salıb embarqonu yüksəltmək lazımdır. Çıxarılan yanacağın ixracının gəlirləri olmadan Rusiya iflasa uğrayacaq. Bizə koalisiya olaraq qiymət həddinin aşağı salınması üzrə daha çox hərəkətlər lazımdır. Təkcə qiymət həddini aşağı salmaq deyil, həm də əlavə sanksiyalar tətbiq etmək lazımdır".
"Anadolu" agentliyinin məlumatına görə, 2022-ci il dekabrın 5-də Rusiyanın Avropa İttifaqına dəniz yolu ilə idxal edilən xam neftinə qoyulan embarqo və bir barrel üçün 60 dollarlıq qiymət həddi qüvvəyə minib.