Bakı 16˚C Dreary

Rusiya ordusu böyük dəstələrlə Ukrayna sərhədlərinə yaxınlaşır - Böyük Hücum?

Siyasət 12:24 03 noy, 2021

Ukrayna hərbçiləri Rusiyanın aktivliyindən narahatdır

Rusiya ordusu böyük dəstələrlə Ukrayna sərhədlərinə yaxınlaşır - <span style="color:red">Böyük Hücum?</span>

Rusiyanın Ukrayna sərhədlərinə iri qoşun qruplaşmaları cəmləşdirməsinə dair yeni məlumatlar və faktlar üzə çıxıb. 

Qazet.az xəbər verir ki, “Conflict Intelligence Team” qrupu Ukrayna sərhədlərinə cəmləşdirilən Rusiya qoşunları barədə şahidlər tərəfindən çəkilmiş 15-ə yaxın videogörüntüyə malik olduqlarını açıqlayıb.

“Biz təhdidedici hücum əməliyyatı kimi görünən böyük hərbi texnika kalonarı görürük. Bunlar təkcə əsgərləri daşıyan yük maşınları deyil, artilleriya qurğularıdır, raket kompleksləridir, tanklardır”, - qrupun əsasını qoyan Ruslan Leviyev bildirib. Onun sözlərinə görə, belə aktivlik “şübhəlidir və narahatlıq doğurur”. Ekspert qeyd edib ki, həmin rayonda Rusiya ordusunun hər hansı təlimləri planlaşdırılmayıb. Buna baxmayaraq Rusiya olduqca nümayişkarənə şəkildə, günün günortasında Ukrayna sərhədlərinə doğru hərbi texnika kalonları yeridir.

“Bəzi videoyazılarda biz görürük ki, onlar Rostov vilayəti yaxınlığında, Şaxta şəhəri yaxınlığında şosse yoldan birbaşa çöllüyə necə dönürlər və böyük kalonlar şəklində meşələrə girib Ukrayna sərhədlərinə tərəf hərəkət edirlər”, - Leviyev qeyd edib. O, bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna sərhədləri yaxınlığında hansısa səhra düşərgəsi salır. Amma düşərgənin yeri hələlik məlum deyil.

“Conflict Intelligence Team” qrupunun rəhbəri qeyd edib ki, Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinin miqyası bu ilin yazında olduğundan daha böyükdür. O vaxt Rusiya Ukrayna sərhədləri yaxınlığına təxminən 150 minlik canlı qüvvə və minlərlə texnika, o cümlədən yüzlərlə döyüş təyyarəsi cəmləşdirmişdi.

Xatırladaq ki, Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsi barədə məlumatlar əvvəlcə bir sıra Telegram-kanallarda yer alıb. Daha sonra “The Washington Post” qəzeti amerikalı və avropalı rəsmilərə istinadən bu haqda yazıb, vəziyyətin həyacanverici olduğunu qeyd edib. Bir gün əvvəl isə ABŞ-ın “Politico” nəşri Ukrayna sərhədləri yaxınlığına cəmləşdirilmiş Rusiya hərbi texnikasının peykdən çəkilmiş görüntülərini yayıb. Kreml bunu “feyk” adlandırıb, eyni zamanda bildirib ki, Rusiyanın öz sərhədləri daxilində öz ordu bölmələrinin hər hansı yerdəyişməsini həyata keçirməsi onun suveren hüququdur.

Ukrayna Silahlı Qüvvələri də Rusiyanın mümkün irimiqyaslı hücum əməliyyatına qarşı hazırlıqlar görür. Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisinin keçmiş müavini, general İqor Romanenko “Qlavred” portalı üçün yazdığı məqalədə bildirib ki, Rusiyanın Ukrayna sərhədləri yaxınlığına qoşun cəmləşdirməsi təhlükəli vəziyyət yaradır və zərurət yaranarsa ölkədə hərbi vəziyyət elan edilməlidir. Lakin onun fikrincə, Vladimir Putin üçün Ukraynaya qarşı tammiqyaslı hərbi əməliyyatlar məsələsi hələ tam aydın deyil. “Şübhəsiz ki, onlar buna hazırlaşırlar, amma əgər Putin müharibəyə başlasa onu Ukraynada “qanlı hamam” gözləyir və məsələ ərazilərin zəbt edilməsi ilə bitməyəcək. Xüsusən də indi Donbass Putin üçün qulpsuz çamadandır və döyüş əməliyyatlarının genişlənməsi ilə situasiya daha da qəlizləşə bilər”, - general bildirib.

Ukraynanın Donbassdakı birləşmiş qüvvələrinin komandanı, general Aleksandr Pavlyuk isə deyib ki, onun ölkəsi vəziyyəti kəskinləşməsinə və Rusiya ilə hərbi əməliyyatların yeni mərhələsinə hazırdır. Onun sözlərinə görə, Ukrayna ordu bölmələri həm müdafiə, həm əks-hücum əməliyyatlarına hazırlaşır.

Pavlyuk qeyd edib ki, separatçıların sıralarında yer alan rusiyalı hərbçilər həm öz mövqelərinə, həm Ukrayna ordusunun mövqelərinə atəş açırlar və cavab reaksiyası gözləyirlər. Bununla da vəziyyəti qızışdırmağa çalışırlar. Lakin Ukrayna ordusu bu təxribatlara getmir və atəşkəsə əməl edir.

Mənbə