Bakı 23˚C Windy

Rusiya rublu ciddi şəkildə ucuzlaşdı

Biznes 11:52 28 fev, 2022

 Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı qərar qəbul ediləcəyi halda isə bu rublu ciddi silkələyə bilər

Rusiya rublu ciddi şəkildə ucuzlaşdı

Qərb ölkələrinin yeni sanksiyaları fonunda Rusiya rublu ciddi şəkildə dəyərsizləşib.

Qazet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Rusiya valyutası ABŞ puluna nisbətən psixoloji həddi keçərək 1 dollar 105 rubl məzənnəsinədək ucuzlaşıb.

"Görünən isə odur ki, müharibə davam edərsə və sanksiyalar genişlənərsə, bu rubl üçün sonuncu dayanacaq olmayacaq. Digər tərəfdən, Rusiyada dollara tələbin artması xarici valyuta qıtlığı yaradacaq. Demək olar ki, bütün Rusiya banklarının qarşısında uzun növbələr müşahidə olunur. Vətəndaşlar banklardan pullarını götürməyə çalışırlar. Bu isə Rusiyanın bank sektoru üçün ciddi neqtaiv nəticələrə səbəb ola bilər. Rusiyanı SWİFT-dən uzaqlaşdırmaq ilə bağlı qərardan sonra bu ölkənin maliyyə sektoru sankisyalara daha kəskin reaksiya verməkdədir. Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı qərar qəbul ediləcəyi halda isə bu rublu ciddi silkələyə bilər.

Müharibənin başlamasından 5 gün keçməsinə baxmayaraq, Qərbin sankisyaları Rusiya iqtisadiyyatına ciddi təsirlər göstərməkdədir. Görünən odur ki, bu mühairbə Rusiya iqtisadiyyatı üçün heç də ucuza başa gəlməyəcək. Artıq Rusiyalı 2 milyarder müharibənin dayandırılması ilə bağlı müraciət edib. Biznes yeni sanksiyalar dalğasından ciddi şəkildə ehtiyatlanmaqdadır".