Rusiya Xersonun mərkəzini atəşə tutub
Rusiya hərbçiləri Ukraynanın Xerson şəhərinin mərkəzini atəşə tutub.
Qazet.az xəbər verir ki, bu barədə Xerson Şəhər Şurası teleqramda məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 1 nəfər həlak olub. Mərmi ölən şəxsin avtomobilinin yanına düşüb.
Xerson Müdafiə Komendantlığının mətbuat katibi Dmitro Pletençuk qeyd edib ki, raketlərdən biri Xerson Vilayət Dövlət Administrasiyasının binasına, ikincisi digər dövlət müəssisəsinin binasına tuş gəlib.
Bundan başqa, təhsil ocağına ziyan dəyib. Belə ki, işğalçıların mərmisi binanın damını deşib.
“Rusiya qoşunları “S-300” hava hücumundan müdafiə sistemləri ilə Xersonu atəşə tutmağa başlayıb, şəhəri daha uzaq məsafədən vurmağa çalışırlar”, - Şəhər Şurası əlavə edib.
Xatırladaq ki, Xerson şəhəri martın 3-dən noyabrın 11-dək Rusiya qüvvələrinin işğalı altında olub. Bu şəhər fevralın 24-də başlayan müharibədə Rusiyanın ələ keçirdiyi ən böyük yaşayış məntəqəsi idi.