Rusiya XİN: Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri və ekspert dairələri arasında təmaslara hazırlıq gedir
Rusiya Azərbaycan və Ermənistana sülh müqaviləsinin hazırlanması və sərhədin delimitasiyası üçün lazım olan bütün yardımı göstərəcək.
Qazet.az-ın məlumatına görə, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasından danışarkən deyib.
“Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması, o cümlədən Rusiya ərazisində müvafiq üçtərəfli yüksək səviyyəli görüşlərin təşkili yolu ilə bundan sonra da hər cür yardım göstərməyə hazırıq. Hər iki tərəf üçün son dərəcə həssas olan bu proseslər qarşılıqlı məqbul və uzunmüddətli həll yollarının axtarışını tələb edir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Rusiyalı diplomat təfərrüatlara varmayaraq, onların açıqlanmasının həmişə işin xeyrinə olmadığı ilə izah edib.
Qonçar qeyd edib ki, hazırda Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri və ekspert dairələri arasında təmaslara hazırlıq gedir:
“Birgə səylərin bu mühüm istiqaməti Ermənistan və Azərbaycan arasında münasibətlərdə etimad mühitinin formalaşmasına yardım etmək üçün nəzərdə tutulub”.
Qonçar, üçtərəfli parlamentlərarası dialoqun da fayda verə biləcəyini söyləyib.
O, əlavə edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatları nizamlanma üçün əsas olaraq qalır.
Denis Qonçar vurğulayıb ki, 9-10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatlar Ermənistan-Azərbaycan münasibətlərinin kompleks normallaşması üçün yol xəritəsini təşkil edir:
“Baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində kommunikasiyaların açılması üzrə işlər aparılır. Belə ki, dekabrın 6-da keçirilən 11-ci iclasda dəmir yolunun tikintisi, dəmir yolu rabitəsinin inkişafı və üç ölkə arasında və regionda daşımaların təşkili məsələləri ətraflı müzakirə olunub. Eyni zamanda, Bakı və İrəvan nümayəndələri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması səylərində Rusiyanın müsbət rolunu qeyd ediblər”.
Diplomat həmçinin bildirib ki, Rusiya və Azərbaycan KİV-dənməlumatların qərəzli təqdimatı ilə bağlı məsələləri predmetli şəkildə və hörmətlə müzakirə edirlər. O, aydınlaşdırıb ki, bu problem iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında son danışıqların mövzularından biri olub. "Biz bundan sonra da ən çətin məsələlərdə belə qarşılıqlı məqbul həll yollarını axtarmağa və tapmağa hazırıq", - deyə Denis Qonçar yekunlaşdırıb.