Rusiya XİN Ermənistanın təxribatları ilə bağlı Azərbaycan diasporunun müraciətini cavablandırıb
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (XİN) Samara və İvanovo vilayətlərində yaşayan Azərbaycan icmasının ölkəmizin dövlət sərhədində Ermənistanın son hərbi təxribatlarına dair müraciətlərinə cavab verib.
Bu barədə Qazet.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçarın adından “Samara vilayəti Azərbaycanlılarının Liqası” ictimai təşkilatının icraçı direktoru Müşfiq Dəmirova və “İvanovo Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Asif Məmmədova ünvanlanan cavab məktublarında bildirilib ki, soydaşlarımızın Rusiya Prezidenti Vladimir Putinin və xarici işlər naziri Sergey Lavrovun adına göndərdikləri müraciətlərə baxılıb.
Məktubda deyilir: “Rusiya Federasiyası Zaqafqaziyada sülhün və təhlükəsizliyin qorunması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ardıcıl addımlar atır. Rusiya sülhməramlı kontingenti öz məsuliyyət zonasında atəşkəs rejimini və sabitliyi təmin edir. Regionda kommunikasiyaların açılması və sərhədlərin demilitasiyası üçün yardım göstərilir. Bu iş Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatları əsasında qurulur. Bütün tərəflərin bu razılaşmalara ciddi əməl etməsi davamlı sülhə aparan yeganə mümkün yoldur.
Rusiyanın səylərinin daha bir istiqaməti Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında əlaqələrin möhkəmləndirilməsidir. Ümid edirik ki, bütün konstruktiv düşünən ictimai qüvvələr bu prosesə qoşulacaq və bununla da Bakı ilə İrəvan, həm də bütövlükdə azərbaycanlılar və ermənilər arasında münasibətlərin yaxşılaşması üçün əlverişli mühit yaradılacaq”.