Rusiyada parlament seçkilərində Putinin partiyası öndədir - İCMAL
Rusiyada Duma seçkilərinin ilkin nəticələri açıqlanıb
Dünən Rusiya siyasi səhfəsində əhəmiyyətli gün baş tutub. Rusiya xalqı seçki məntəqələrinə yollanaraq Dumaya öz namizədlərini seçib.
Qazet.az xəbər verir ki, Mərkəzi Seçki Kommissiyasının verdiyi məlumata görə, səslərin 80.1%-i hesablanıb. İlkin nəticələrə əsasən iqtidar “Vahid Rusiya” partiyası çoxluğu əldən verməyərək 49.42% səs toplayıb. İkinci sırada isə 19.28% səslə Kommunist partiyası qərarlaşıb. Ümumilikdə 8-ci Duma seçkilərində 14 partiya iştirak edib.
Bundan əlavə, “Liberal Demokratik Partiya” 7.55%, “Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət Naminə” partiyası isə 7.37%, “Yeni İnsanlar” partiyası 5.37% səs toplayıb.
İqtidar partiyası olan “Vahid Rusiya” partiyasının Ümumi Şurasının katibi Andrey Turçak parlamentdə 450 yerdən 300 mandata sahib olmağı hədəflədiyini bildirib.
Xatırladaq ki, 2016-cı ildə iqtidar partiyası 54% səs toplamışdı.
“Qolos” adlı seçkiyə nəzarət mərkəzi minlərlə qanun pozuntusunu aşkarlayıb. Belə ki, saxta seçki bülletenlərinin atılması, müşahidəçilərə qarşı hədələr və “karusel”llərin təşkil olunması ilə bağlı video çarxlar sosial şəbəkələrdə nümayiş olunub.
Lakin bununla belə əhali arasında Putin hakimiyyətini dəstəkləyənlər də kifayət qədərdir. Reuters agentliyinə danışan təqaüdçü Anatoli indiki hakimiyyətdən razılığını ifadə edib. O, Putinin Rusiyanı böyük gücə çevirmək cəhdlərini alqışlayıb:
“ABŞ və İngiltərə kimi ölkələr 1960-70-ci illərdə Sovet İttifaqına hörmət etdiyi kimi indi də bizə az-çox hörmət edir. ... Anqlo-Saksonlar yalnız güc dilini başa düşürlər”, deyə təqaüdçü deyib.
Moskvada işləyən İrina adlı qadın bərbəri isə seçkilərin mənasız olduğunu düşünür: “Bizim üçün hər şey qərarlaşdırılıb”.
Qeyd edək ki, Putinin ən əsas rəqibi olan Aleksey Navalnı hal-hazırda həbsdədir. O, 2020-ci il avqust ayında zəhərlənərək Almaniyaya tibbi hospitala yerləşdirilib. Lakin Rusiyaya geri qayıdan Navalnı həbs edilib.
Onun həbsi seçkilərdə Putinin partiyasının nüfuzuna təsir etsə də, hal-hazırda iqtidar partiyası liderlik edir. Bu seçkilərdə Navalnının keçmiş üzvü olduğu Yabloko partiyası 1.1% səs toplayıb.
Həmçinin oxu: Kadırov yüksək nəticə ilə qalib gəldi