Bakı 5˚C Cloudy

Rusiyalı Lapşin yenə Laçından keçib Qarabağa gəldi - Prezident onu əfv etmişdi...-VİDEO

Siyasət 11:27 23 fev, 2022

Bu haqda erməni mediası məlumat yayıb

Rusiyalı Lapşin yenə Laçından keçib Qarabağa gəldi - Prezident onu əfv etmişdi...-VİDEO

Görəsən, Azərbaycanla yeni müttəfiqlik müqaviləsi imzalamış cənab V.Putinin rəhbərlik etdiyi Rusiya hökuməti bu ölkənin də vətəndaşı olan üzdəniraq cinayətkar blogerin yenidən Bakıya ekstradisiya olunmasına yardım edəcəkmi?..

Azərbaycan Prezidenti tərəfindən əfv edildikdən 5 il sonra rusiyalı və israilli bloger Aleksandr Lapşin yenidən Qarabağa  səfər edib.

Qazet.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

Lapşin “Youtube” kanalında Qarabağı gəzməsi ilə bağlı videoreportaj yayıb. Reportajın əvvəlində Lapşin səfərə necə hazırlaşmasından danışıb. O, xüsusilə qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycanın nəzarətinə keçən Qarabağ ərazilərinə səfər etməkdən ötrü  Bakının tələb etdiyi kimi icazə almaq üçün guya  Azərbaycan Xarici İşlər Nazirliyinə və şəxsən Azərbaycan prezidentinə 2 məktub yazıb.  Amma ona heç bir cavab verilməyib.

Təhlükəsizlik səbəbindən  Ermənistandan Azərbaycana və Qarabağa daxil olan yolun bəzi yerlərini Lapşin maska ​​və iri gün eynəkləri taxaraq keçib. O qeyd edib ki, marşrutun bu hissələrində Azərbaycan sərhədçiləri dayanıb və onlar Qarabağa keçənləri diqqətlə izləyirlər.

Blogerin sözlərinə görə, azərbaycanlılar bu günə kimi Lapşini Qarabağa ilk səfərinə və verdiyi açıqlamalara görə bağışlamayıblar, ona görə də o, ehtiyat tədbiri olaraq üzünü mümkün qədər örtmək qərarına gəlib. Rus-yəhudi mənşəli bloger eyni şəkildə  Qarabağda Azərbaycan ordusuyla təmas xəttində yerləşən həmin hissələrdən də keçib.

Bloger reportajında Qarabağın müxtəlif yaşayış məntəqələrini və görməli yerlərini göstərib.

Qeyd edək ki, Azərbaycan XİN-in "qara" siyahısında olan  Lapşin Laçın rayon mərkəzində də avtomobildən düşərək sərbəst şəkildə çəkiliş aparıb. Halbuki,  Rusiya hərbçiləri Azərbaycanın nəinki jurnalistlərinə, heç hərbçilərinə də Laçın şəhərində avtomobili saxlayıb düşməyə də icazə vermir. Hətta maşının içərisindən telefonla çəkiliş etmək də qadağan edilir...

Lapşin  Azərbaycan Respublikasının Xocavənd şəhərinə səfər edib,  Amaras monastır kompleksi və Əsgəran qalasına da baş çəkib və oradan mənzərəni nümayiş etdirib. Rusiyalı bloger Kəlbəcər rayonunun Vəngli kəndini də göstərib məşhur Gəncəsar monastırından danışıb.

Səfərin sonunda Lapşin Xankəndində də olub, oteldə gecələyib və bazara da baş çəkib...

 

Zəruri xatırlatma:

Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan səyyah və bloger Aleksandr Lapşin Azərbaycan hakimiyyətinin tələbi ilə 2016-cı il dekabrın 15-də Minskdə həbs edilmiş və 7 fevral 2017-ci ildə Azərbaycan hakimiyyətindən icazə almadan  Qarabağa (2011-2012-ci illərdə) səfər etdiyi üçün Bakıya ekstradisiya edilib.  Bu, Ermənistan və Belarusiya münasibətlərində gərginliyə səbəb olub. Həmçinin İsrail və Rusiyada xarici siyasət gündəminin mövzusuna çevrilib. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya blogerin Azərbaycana verilməsinin, həmçinin rusların dünyanın bu və ya digər bölgələrinə səfərlərinin kriminallaşdırılmasının qəti əleyhinədir. Həmçinin İsrail Lapşinin ekstradisiyasına etiraz edib. Nəticədə, bloger ətrafındakı beynəlxalq qalmaqala beş dövlət cəlb edilmiş olub.

Bakı məhkəməsi Lapşini "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" və "Pasportlar haqqında" qanunların müddəalarını pozmaqda təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib. 11 sentyabr 2017 -ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb və bundan sonra Aleksandr Lapşin İsrailə uça bilib. 20 may 2021 -ci ildə Strasburqda Avropa İnsan Haqları Məhkəməsi blogerin Azərbaycan Respublikasına qarşı şikayəti ilə bağlı Lapşinə qarşı qanunsuz həbs, işgəncə və adam öldürməyə cəhddə ölkə rəhbərliyinin məsuliyyət daşıdığı haqqda qərar qəbul edib.

Son 5 ilə yaxın müddətdə A.Lapşin dəfələrlə Azərbaycana qarşı, o cümlədən guya Qarabağın ermənilərə məxsus olması haqda çıxışlar edib.

P.S. Görəsən, Azərbaycanla yeni müttəfiqlik müqaviləsi imzalamış cənab V.Putinin rəhbərlik etdiyi Rusiya hökuməti bu ölkənin də vətəndaşı olan üzdəniraq cinayətkar blogerin yenidən Bakıya ekstradisiya olunmasına yardım edəcəkmi?..

mənbə