Bakı 2˚C Mostly cloudy

“Rusiyanın elan etdiyi atəşkəs 36 saatdan çox davam etməlidir”

Gündəm 23:43 07 yan, 2023
“Rusiyanın elan etdiyi atəşkəs 36 saatdan çox davam etməlidir”

“Rəsmi Ankara hesab edir ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı elan etdiyi atəşkəs 36 saatdan çox davam etməlidir”.

Qazet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“Fikrimizcə, atəşkəs rejimi 36 saat yox, daha çox davam etməlidir. Hələlik bu məsələ ilə bağlı tərəflər vahid qərarı qəbul etməyib, bu da münaqişə tərəflərinin çıxılmaz vəziyyətdə olduğunun göstəricisidir”, - Kalın bildirib.

O qeyd edib ki, Türkiyə tərəfi hərbi əməliyyatların dayandırılması üçün dialoq şəraitinin formalaşdırılması üçün hər cür səy göstərməyə hazırdır.

İbrahim Kalın bildirib ki, Türkiyə yaxın günlərdə Zaporojye Atom Elektrik Stansiyasına bitişik ərazilərdə atəşkəsin təmin edilməsi istiqamətində səylərini davam etdirəcək: “Ankara bu zonada döyüşlərin və qəzaların qarşısını almağa çalışır”.

O, Ukraynanın atəşkəs məsələsində Rusiyanın ardınca getməsi ehtimalını istisna etməyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada tərəflər arasında bütün hərbi təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş vermişdi. Lakin ABŞ prezidenti Cozef Bayden və Ukrayna prezidenti Volodimir Zelenski Putinin atəşkəs təklifini rədd edib.

Rusiya Müdafiə Nazirliyi yanvarın 8-i gecə yarısına qədər atəşkəs rejiminə birtərəfli qaydada riayət etməyə söz verib.