Bakı 6˚C Sunny

Saakaşvili: “Seçkilərə qədər Gürcüstana qayıdacam”

Siyasət 20:25 24 sen, 2021

Gürcüstanın sabiq prezidenti seçkilərə qədər ölkəsinə qayıtmağı planlaşdırır

Saakaşvili: “Seçkilərə qədər Gürcüstana qayıdacam”

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili oktyabrda keçiriləcək yerli özünüidarəetmə seçkilərinə qədər vətəninə qayıdacaq. Bu barədə sabiq prezident özünün “Facebook” səhifəsindəki müraciətində bildirib.

O, Gürcüstanda hakimiyyət dəyişikliyi üçün tərəfdarlarını daha aktiv olmağa çağırıb: “Əlbəttə mən geri qayıdacağam, lakin əgər gürcü xalqı aktiv olmasa nəyisə dəyişdirə bilməyəcəyəm. Bütün bunların öz məntiqi var. Ona görə də bizim fəaliyyətə keçmək üçün bir neçə günümüz qalır”, - deyə M. Saakaşvili qeyd edib.

O, hakim “Gürcü arzusu” partiyasının oktyabrın 2-də keçiriləcək yerli özünüidarəetmə seçkilərində məğlub olacağına, bundan sonra ölkədə erkən parlament seçkiləri keçiriləcəyinə və hakimiyyətin dəyişəcəyinə inandığını vurğulayıb.

Xatırladaq ki, hazırda Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan M. Saakaşvilinin Gürcüstan vətəndaşlığı ləğv edilib və ona qarşı vəzifədən sui-istifadə maddəsi ilə başlanan cinayət işi üzrə həbs edilməsi barədə məhkəmə qərarı var. Gürcüstanın hakimiyyət nümayəndələri ölkəyə qayıdacağı təqdirdə sabiq prezidentin hava limanından birbaşa həbsxanaya aparılacağını bildiriblər.