Saakaşvilinin anası Zelenskiyə müraciət etdi
“Təsəvvür edirsiniz? Hər an hər şey ola bilər"
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya Ukrayna Prezidenti Vladimir Zelenskini oğluna kömək etməyə və onun müalicə üçün Gürcüstan həbsxanasından Ukraynaya köçürülməsini təşkil etməyə çağırıb.
“Qazet.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Alasaniya Saakaşvilinin sosial hesabından paylaşdığı videoda deyir:
“Oğlumu gözümün qabağında öldürürlər. Mən bir neçə dəfə bizə kömək edən cənab Zelenskiyə müraciət etmək istəyirəm. Amma indi onun dəstəyinə və köməyinə xüsusi ehtiyacımız var. Mixailin bura - Ukraynaya transferini birtəhər təşkil etməliyik. Ukraynaya gəlməlidir ki, o, lazımi müalicə alıb, lazımi qayğı görsün və birtəhər sağ qala bilsin”.
Saakaşvilinin 35 gündür aclıq etdiyini xatırladan anası əlavə edib:
“Təsəvvür edirsiniz? Hər an hər şey ola bilər. Amma bu heç kimi narahat etmir... Oğluma həbsxana xəstəxanasında müalicə olunmağı təklif edirlər, amma müvafiq mütəxəssislər yoxdur və belə xəstələrin müalicəsi üçün ümumiyyətlə şərait yoxdur”.