Saakaşvilinin vəziyyəti ağırlaşıb
“Saakaşvili zəifləyib, tibbi testlərin nəticələri pisləşib və onun ürəklə bağlı problemləri yaranıb”
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin vəziyyəti pisləşib.
Qazet.az xəbər verir ki, bu barədə məlumatı gürcü siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze açıqlayıb.
Onun sözlərinə görə, Saakaşvili zəifləyib, tibbi testlərin nəticələri pisləşib və onun ürəklə bağlı problemləri yaranıb.
Kipşidze həmçinin qeyd edib ki, Saakaşvili üçün yaradılmış xüsusi həkim qrupu növbəti dəfə çox güman ki, cümə günü toplaşacaq.
Qeyd edək ki, artıq 35 gündür ki, Saakaşvili aclıq aksiyasını davam etdirir. Ədliyyə Nazirliyi sabiq Prezidentin Tbilisidəki 18 saylı Qldansk həbsxanasına köçürülməsinə razıdır. Nazirlik sözügedən həbsxananın aclıq elan etmiş məhbuslar üçün əlverişli olduğunu iddia edir. Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze və vəkillər siyasətçinin çoxşaxəli mülki klinikaya köçürülməsində təkid edirlər.
Xatırladaq ki, Gürcüstanın Səhiyyə Nazirliyi yanında yaradılan həkim qrupu oktyabrın 19-u Saakaşvilini ziyarət edib. Həkimlər siyasətçinin klinikaya yerləşdirilməsi ilə bağlı rəy veriblər.