Saakaşviliyə görə növbəti aksiya keçirildi
Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin müalicəsi üçün xaricə köçürülməsi tələbi ilə bu gün Tiflisdə hökumət dəftərxanası qarşısında aksiya keçirilib.
Qazet.az xəbər verir ki, aksiyanın təşkilatçılarından biri də Saakaşvilinin atası Nikoloz Saakaşvili olub.
Aksiyada ailə üzvləri, həkimlər, vəkillər, Saakaşvilinin tərəfdarları və müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının üzvləri, o cümlədən partiyanın sədri Nika Melia da iştirak edib.
“İlk növbədə, mənim üçün çox vacib olan bir şeyi demək istəyirəm, bu gün Gürcüstanın bütün müxalifət spektri, həkimlər, QHT-lər, dünyanın hər yerindən həkimlər bir səslə deyirlər ki, Mixail Saakaşvilini xaricdəki klinikaya köçürmək lazımdır. Bunu təkcə gürcülər deyil, həm də Amerika və Avropanın ixtisaslı həkimləri deyir”, - Nika Melia bildirib.
Etirazçıların fikrincə, üçüncü prezidentin səhhəti ciddi şəkildə pisləşir, ona görə də o, təcili olaraq xaricə köçürülməlidir.