Sabiq XİN rəhbəri İran diplomatının səfərini şərh etdi: "Azərbaycan bu yola getmədi"
Azərbaycan bu yola getmədi
"İranın Azərbaycanla münasibətlərini pisləşdirmək heç də İranın xeyrinə deyil".
Qazet.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq, sabiq XİN şefi Tofiq Zülfüqarov Prezidentin köməkçisi Hikmət Hacıyevlə İranın xarici işlər nazirinin müavininin görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, bölgədən uzaq olan ölkələr orada gərginlik yaratmaq istəyir:
"İstəyirdilər ki, Azərbaycan tərəfindən İrana bir təsir mexanizmi istifadə olunsun. Amma Azərbaycan bu yola getmədi və getməyəcək də. Bu, daxildə olan proseslərdir və hesab edirəm ki, məsələ öz həllini tapacaq. Bizdə müxtəlif şərhçilər var ki, müxtəlif fikirlər söyləyə bilərlər. Əslində proseslər necə varsa, elə də gedir, heç kəs düşünmürdü ki, İranla münasibətlər birdən-birə pisləşəcək. Ümumiyyətlə, mən bu məsələlərdə ayrı bir səbəb görürəm. İrana təzə hakimiyyət var, prezident təzədir. Təbii ki, onun tərəfdarları olduğu kimi onu qəbul etməyən qüvvələr, siyasi elita var. Burada daha çox propoqanda səviyyəsində gərginlik yaratmaq, hansısa təzyiqlər və s. Bu, İranın daxilində baş verən hadisələrdir".
Politoloq hesab edir ki, bütün bunlardan bir bəhanə kimi istifadə olunur:
"Hesab edirəm ki, İranda proseslər davam edəcək. Sadəcə, orada Azərbaycan bəhanə faktoru kimi istifadə olunmayacaq. Əminəm ki, İranın daxilində gedən bu proseslər öz həllini tapacaq. Yeni dövlət başçısı ona qarşı olan və onun üçün problemlər yaradan hansısa qüvvələri müəyyən edib, onlarla lazımı iş aparacaq".
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini Seyid Səccadpurla görüşüb. Hikmət Hacıyev "İki ölkə arasında mehriban qonşuluq əlaqələrini bir daha təsdiqlədik, həmçinin akademik və tədqiqat sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, - deyə bildirib.