Bakı 3˚C Intermittent clouds

Sahibkarların problemləri dinlənilib

Biznes 16:55 25 okt, 2022
Sahibkarların problemləri dinlənilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişagı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, deputatlar Vahid Əhmədov və Sevil Mikayılova, eləcə də ətraf rayonların icra hakimiyyətlərinin və sahibkarlara xidmət göstərən qurumların nümayəndələri regionda meyvə-tərəvəz istehsalı ilə məşğul olan sahibkarların problemlərini dinləyiblər.

Qazet.az bu barədə KOBİA-ya istinadən xəbər verir.

Məlumata görə, sahibkarlarla görüş Agentliyin təşkilatçılığı ilə “Xaçmaz KOB evi”ndə təşkil olunub. Görüşdə Xaçmaz, Şabran, Quba, Qusar və Siyəzəndən olan sahibkarlar iştirak ediblər.

Müzakirələr əsasən regionda yetişdirilən meyvə-tərəvəz məhsullarının emalı üçün müəssisələrin yaradılması, ixracla bağlı çətinliklər, yerli məhsulların satışının təşviqi, logistika və daşınma ilə bağlı problemlər, qablaşdırma və kadr məsələləri, sahibkarların maliyyə resurslarına çıxışı, kommunal xidmətlərə qoşulması, sahibkarların qarşılaşdıqları problemlərin aradan qaldırılması yolları ətrafında aparılıb, daha sonra onların təklifləri dinlənilib və sualları cavablandırılıb.

Görüşdə sahibkarların qaldırdığı məsələlərin həlli və səsləndirilən təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görüləcək.