"Sahibkarların sığorta vərdişi arzuolunan səviyyədə deyil"
Azərbaycanda sahibkarlıq obyektləri müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində zərərlərlə üzləşsələr də bu gün sahibkarların sığorta vərdişləri və sığortaya yanaşmaları arzuolunan səviyyədə deyil.
Qazet.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayevlə görüşdə bildirib.
O, qeyd edib ki, bu boşluğun aradan qaldırılması məqsədilə sığortaçılarla sahibkarlar arasında körpünün yaradılmasına ehtiyac var.
Görüşdə tərəflər arasında ölkədə mövcud olan sahibkarlıq subyeklərinin sığorta ilə bağlı maarifləndirilməsi, sığortaya əlçatanlığın artırılması üçün birgə əməkdaşlıq məqsədilə razılıq əldə olunub. Bu məqsədlə növbəti mərhələdə paytaxtda və regionlarda fəaliyyət göstərən sahibkarlarla sığortaçıların silsilə görüşlərinin təşkil olunması planlaşdırılıb.
E.Mirsalayev Assosiasiya haqqında geniş məlumat verərək sektorun inkişafı məqsədilə həyata keçirilən layihələrdən danışıb. İcraçı direktor sığorta sektorunun bu gün maliyyə sisteminin inkişafında oynadığı mühüm rola, o cümlədən sığorta sektorunun mövcud davamlı inkişaf dinamikasına da toxunub.