Samuxda söyüş üstündə həmyerlisini bıçaqlayan şəxsə hökm oxunub
Allahverdi Yusibova hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
![Samuxda söyüş üstündə həmyerlisini bıçaqlayan şəxsə hökm oxunub](https://qazet.az/resized/fit900x500/center/pages/47712/951b0adf-d3ad-4d24-8ed2-c6ff011b46a1.jpeg)
Samux rayonunda həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Allahverdi Yusibova hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qazet.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, hadisə 2021-ci il iyulun 27-də Samux rayonunun Hacıalılı kəndi ərazisində yerləşən “İstisu” adlanan subartezian quyusunun yaxınlığında qeydə alınıb.
Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü A.Yusibov şəxsi münasibətlər zəminində rayonun Lək kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Qənbərovu bıçaqlayıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
Hadisəni törətməkdə şübhəli bilinən A.Yusibov Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə iclasında dindirilən A.Yusibov özünü təqsirli bildiyini deyib. O ifadəsində deyib ki, hadisə söyüş üstündə olub.(report)