Bakı 6˚C Dreary

"Şanlı ordumuz haqq davasını döyüş meydanında etdi" - Elçin İmanov

Eksklüziv 19:53 07 noy, 2021

Bu gün bizlər qələbəmizi içdən hər kəslə paylaşa bilirik

"Şanlı ordumuz haqq davasını döyüş meydanında etdi" - <span style="color:red">Elçin İmanov</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 3-cü gündür.

44 GÜN LAYİHƏSİ
 

Azərbaycanın tanınmış bəstəkarı Elçin İmanov İkinci Qarabağ müharibəsi və Şuşa xatirələri ilə bağlı Qazet.az-a müsahibə verib.

 

–  44 gün Vətən müharibəsi ərzində hansı hissləri keçirmisiniz?

–  44 günün hər günündə biri-birinə oxşamayan fərqli hisslər keçirdim. Orada sevinc də, kədər də, gözyaşı da var idi. 44 günün elə bir anı olmayıb ki, cəbhədən gələn xəbərlərlə yaşamayaq. Zəfər tariximizə gedən hər gün qürurla yadda qalıb. O günləri heç bir zaman unuda bilmərəm və unutmaram da.


– Qələbəmizlə bağlı sənətinizdə hansı işləri görmüsünüz, yaxud gələcəkdə bununla bağlı planlarınız varmı?

–  Onu gələcək mütləq göstərər. Əsas odur ki, qələbə xalqımızın qələbəsidir. O, bizə rahatlıq verir və bundan sonra başı uca gəzə bilirik. Hər zaman içdən hisslər keçirirdik ki, biz məğlub tərəfik. Amma bundan sonra biz başımızı uca tuturuq. Habelə xaricdə yaşayan həmyerlilərimiz çox gözəl bilir. Yaradıcılığa gəldikdə isə onun da vaxtı, zamanı var.


–  Şuşanın mədəniyyət paytaxtı seçilməsini necə qiymətləndirirsiniz?

–  Bu, çox gözəl addımdır. Belə deyim ki, mən özüm Şuşada tez-tez olmuşam. Çünki  əslimiz oradandır. Ona görə tez-tez gedirdim və oranı çox yaxşı tanıyıram. Hesab edirəm ki, bundan gözəl addım ola bilməzdi. 


–  Uşaqlığınız Şuşada keçib deyirsiniz. Bəs orayla bağlı hansı xatirənizi bizimlə bölüşə bilərsiniz?

–  Deməli, bir dəfə 23 yaşım olardı, getmişdim Şuşaya. Məni Turşsuya aparmışdılar, həmin məkan biraz Şuşadan aralıda yerləşir. Axşam orda yaxşı süfrə açdıq, gəzdik, istirahət etdik. Gündüz vaxtı hava isti idi. Axşam iki dənə yorğanın altında yatanda dedim: “Ay Allah bura Alyaskadır ki....”. Bu, mənim ən parlaq uşaqlıq xatirəmdir. Birdə ki, orada çoxlu bulaq var. Tək “İsa bulağı” deyil, çoxlu bulaq var. Xatırlayıram hər dəfə Şuşaya gedəndə fərqli yerlərdə toplaşardıq və deyib-gülüb, yeyib-içərdik. Hər yerdə isə həmişə musiqi sədası olardı. Oranın havası da, bulaqları da musiqi sədalıydı. 

Mən bir dəfə Moskvada olanda üzdən iraqların birinə dedim ki, “Savadlı adamsan, düşün görüm əgər buralar sizindirsə, niyə bu günə kimi bu səfalı yerlər üçün bir dənə də olsun mahnınız yaxud şeiriniz yoxdur”. O isə qaydıb deyir ki, “bu tarixdir da”. Bu necə tarix ola bilər ki, ora üçün mahnılarımız, muğamlarımız, şeir-qəzəllərimiz var, amma onların yoxdur. Ona elə cavab verdim, elə şəxsiyyətləri saydım ki, sadəcə donub üzümə baxdı və heç nə deyə bilmədi.


–  Özünüz də qeyd edirsiniz ki, musiqimizdə Şuşa hər daim olub. Bəs sizin fikrinizcə, musiqimizdə bundan sonra qələbəmiz necə ifadə edilməlidir?

–   Bu ərəfələrdə bu tərz ifalara çox qulaq asdım. Çox gözəl mahnılar, əsərlər bəstələnib. Hər şey vaxtında, məqamında gəlir. Bu, sifarişlə ola bilməz, bu, insana içdən gəlməlidir ki, yaza bilsin. Ona görə mən hesab edirəm ki, qazanılan qələbəmizin əsasında aparılan təbliğatdır. 44 gün ərzində özünü mərminin qarşısında sipər edən oğullarımız harda böyüyüb, boya-başa çatıb?! Əlbəttə Azərbaycanda. Bu da onu göstərir ki, müharibəyə hazırlıq düzgün aparılıb və torpaq həsrəti köskümüzü necə yandırıbsa, həmin günlərdə ölüm demədən getdik. Amma Birinci Qarabağ müharibəsinə baxsaq, onda heç kim getmək istəmirdi döyüşə. Məhz bu gün də qələbəmizin təbliğatında düzgün işlər görülür.

 

–  Qarabağın otuzillik əsarətddən sonra azadlığı Azərbaycan xalqına nələri bəxş etdi?

–  Qələbə Azərbaycan xalqına özünə və gələcəyə inam verdi. Bir çoxları məni bu fikrimə görə qınayıblar, amma mən bunu hər dəfə deyirəm. Həmin günlərdə insanların müharibə zamanı burada qalması, habelə tanınmış insanların, sənətkarların ölkəni tərk etməməsi və biz burada xalqımızla qalacağıq deməsi mühüm məqamdır. Ona görə də bu gün bizlər qələbəmizi içdən hər kəslə paylaşa bilirik.

Bir şeydə deyim sizə, bizim ordumuz qisas almırdı. Həmin ermənilərdən əsir düşənləri heç bir zaman demirdilər ki, mənə işgəncə veriblər, döyüblər yaxud təhqir ediblər. Bu ancaq qalıb insanda ola bilər. Ermənilər 90-cı illərdə nə edirdilər?! Qədarlıq edirdilər, bu da zəifliyin əlamətidir. Lakin güclü adam heç bir halda bunu etməz. Bu insan təslim olub, bitib bunun üçün daha onu heç bir halda alçatmağın düzgün deyil. Baxın, müharibə zamanı mənə ən çox bu ləzzət elədi. Bizim şanlı ordumuz müharibəsini, haqq davasını döyüş meydanında etdi. Qalib insan hər zaman alicənab olur. 
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.