Sayğacdan qanunsuz istifadə halı aşkarlandı
"Azərsu" ASC Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə apardığı araşdırmalar nəticəsində Bakının Binəqədi rayonunda sudan uçotsuz, sayğacdankənar istifadə halları aşkarlayıb.
Qazet.az quruma istinadən xəbər verir ki, Binəqədi qəsəbəsinin Rəsulzadə küçəsində apartmant tipli çoxmənzilli yaşayış binasına qanunsuz su xəttinin çəkildiyi aşkarlanıb.
Texniki şərt almadan və “Azərsu” ilə müqavilə bağlamadan yaxınlıqdan keçən magistrala qeyri-qanuni qoşulan obyekt sahibinə xəbərdarlıq edilsə də, o, qanunsuz əməlindən əl çəkmək istəmir.
Xocasən qəsəbəsindəki “Xan” çay evində ilk baxışda hər şeyin qaydasında olduğu görünür. Obyektin sayğacı da var, müqaviləsi də. Amma sayğacdan bir damcı belə su keçmir.
Oxşar vəziyyət 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən "Kratos" restoranında da aşkarlanıb. Obyektin sayğacı olsa da, sahibkar tələbatının əsas hissəsini qeyri-qanuni çəkilmiş xətt vasitəsilə ödəyir.
Aparılan nəzarət tədbirləri nəticəsində bir sıra fərdi yaşayış evlərinin də sudan qanunsuz istifadə etdiyi aşkarlanıb. Belə ki, 1-ci mədən ərazisində yeni tikilmiş fərdi yaşayış evləri yaxınlıqdan keçən 300 mm diametrli magistral paylayıcı su kəmərinə qoşulub.
"Aşkarlanmış faktlarla bağlı fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib. Eyni zamanda, bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təminatının pisləşməsinə səbəb olur.
Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu kimi halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək", - səhmdar cəmiyyət bəyan edib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 7 216 fakt aşkarlanıb. Həmin hallar üzrə müvafiq olaraq 1,8 milyon kubmetr həcmində sərfiyyat bərpa olunub. İlin əvvəlindən Binəqədi rayonunda aşkarlanmış 1 528 qeyri-qanuni istifadə halının qarşısının alınması nəticəsində 374 min kubmetr sərfiyyat bərpa olunub. 9 ay ərzində sudan qanunsuz istifadə ilə bağlı 200 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.