Bakı 9˚C Cloudy

Şəhid ailələrinə güzəşt olunacaq

Siyasət 13:26 28 dek, 2022
Şəhid ailələrinə güzəşt olunacaq

Şəhid ailələrinə gəlir vergisi üzrə güzəştlər veriləcək.

Dövlət Vergi Xidmətindən Qazet.az-a verilən məlumata görə, 2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının vergi tutulmalı olan aylıq gəlirləri (əməkhaqqı gəlirləri) ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsi, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarına da vergi tutulmalı olan aylıq gəlirləri (əməkhaqqı gəlirləri) ilə bağlı güzəştlərin verilməsidir.

Sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, şəhid ailələrinin, müharibə veteranlarının və digər formada zərərçəkmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda öz canından keçmiş şəxslərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Belə ki, sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəhid ailələri və müharibə əlillərinə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir, habelə onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və digər sosial tədbirlər həyata keçirilir. Bu siyasətin davamı olaraq şəhid ailələrinə dövlət qayğısının daha artırılması, onların sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan biri kimi, bu kateqoriyadan olan şəxslərin aylıq gəlirlərinin 800 manat olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Eyni zamanda, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Belə ki, hazırda 100 manat məbləğində gəlir vergisi üzrə azadolma yalnız bu kateqoriya üzrə şəxslərin valideynlərinə və arvadlarına (ərlərinə) münasibətdə tətbiq edilir.