Bakı 3˚C Showers

Şəhid hərbçilər və mülki şəxslər barədə məlumatlar sistemləşdiriləcək

Siyasət 13:00 28 sen, 2021

 Şəhidlərimizin xatirəsi daim əziz tutulur

Şəhid hərbçilər və mülki şəxslər barədə məlumatlar sistemləşdiriləcək

“Azərbaycan Prezidenti hər zaman çıxışlarında vurğulayır ki, biz qələbəni bayrağı sancan, öz sinəsini qabağa verən, ölümün gözünə dik baxan qəhrəman hərbiçilərimizə və şəhidlərimizə borcluyuq”.

Qazet.az-ın xəbərinə görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova “Yaddaş” kitabının və Memorial.az saytının təqdimatı mərasimində deyib.

Onun sözlərinə görə, bu gün böyük qürur və fəxrlə Azərbaycanın haqq və şərəf savaşında öz canlarını fəda etmiş, adını qızıl hərflərlə tariximizə yazmış qəhrəmanlarımızı anırıq: “Onların xatirəsini əbədi yaşatmaq, onlara olan ehtiramı daim uca tutmaq üçün 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti 27 sentyabr - Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Dünən Azərbaycan xalqı Vətən müharibəsinin başlanmasının birinci ildönümünü, birinci Anım və Milli Qürur gününü qeyd edirdi”.

PA rəsmisi vurğulayıb ki, şəhidlər mövzusu Azərbaycan xalqı üçün həmişə həssas və müqəddəsdir. Vətən müharibəsi gedişində və müharibədən sonra müxtəlif informasiya resurslarında, media orqanlarında şəhidlərimiz haqqında müxtəlif məlumatlar paylaşılır: “Bu məlumatlar cəmiyyətdə böyük maraqla qarşılansa da, informasiyanın yayılması pərakəndə və sistemsiz xarakter daşıyır. Memorial.az saytının yaradılmasında da əsas məqsədlərdən biri bu pərakəndəliyi aradan qaldıraraq, tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşmanı tətbiq etmək, hər bir qəhrəmanımız haqqında müfəssəl məlumatları vahid elektron resursda cəmləşdirmək, onları Azərbaycan xalqına daha yaxşı tanıtmaqdır. Gələcək perspektivdə saytın funksionallığının və əhatəsinin daha da artırılması nəzərdə tutulur. Bununla bağlı 2016-cı il şəhidlərinin, atəşkəs dövrünün şəhidlərinin, Birinci Qarabağ müharibəsi şəhidlərinin və ümumilikdə münaqişə gedişində həlak olmuş hərbi qulluqçuların və mülki şəxslərin də məlumatlarının sistemləşdirilməsi nəzərdə tutulur”.

S.Yusifova qeyd edib ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinin, doğmalarının hər zaman qayğı ilə əhatə olunması dövlətimizin əsas vəzifələrindən biridir: “Həm şəhidlərin ailə üzvləri, həm sağlamlığını itirən qazilərimizin sosial müdafiəsi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bu portalın fəaliyyəti də şəhidlərimizin ailə üzvləri ilə sıx əməkdaşlıq formatında qurulacaq, hər bir şəhid haqqında məlumatlar dəqiqləşdiriləcək, portal onların təqdim etdiyi məlumatlarla daha da zənginləşdiriləcək”.