Şəhid övladlarının ödənişsiz oxuyacaqları təhsil müəssisələri açıqlanıb
“YAŞAT” Fondunun rəhbəri: "Cari günədək 36 şəxsə 2000 AZN vəsait köçürülüb”
“Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 143 və yaralıların 21 müraciəti olmaqla ümumilikdə 164 müraciət təmin edilib”
Qazet. az xəbər verir ki, bu fikirləri “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov Fondun yaradılmasının 1 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında dilə gətirib.
O bildirib ki, fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 222 822 AZN vəsait qarşılanıb:
“Təhsil haqqı qarşılanan 66 şəxsin ödənişi Fond tərəfindən, 60 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb. 2 dekabr 2021-ci il tarixinədək Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi, Dünya məktəbi və “Dərs evi” tədris mərkəzləri arasında şəhidlərin övladlarına ödənişsiz təhsil verilməsi məqsədi ilə niyyət protokolu imzalanıb.
Əməkdaşlıq çərçivəsində imtahanda uğurlu nəticə əldə etmiş 34 şəhid övladı özəl təhsil müəssisələrində ödənişsiz kvota əsasında təhsil alır. Eyni zamanda 7 şəhid övladı ödənişsiz kvota əsasında bağça və məktəbəqədər təhsil müəssisəsinə qəbul olunub. 2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı – 2000 AZN təsis edilib".