Bakı 15˚C Dreary

Şəhid statusu, müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydasına dəyişiklik edilib

Gündəm 18:34 07 okt, 2021

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb

Şəhid statusu, müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydasına dəyişiklik edilib

"Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə" dəyişiklik edilib.

Qazet.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara dəyişikliklə Əsasnamənin "Müharibə veteranları” hissəsinə yeni bənd əlavə edilib. Yeni bəndə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına münasibətdə müharibə veteranı adının və vəsiqəsinin, habelə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı olmasına dair arayışın verilməsi üçün maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər.

Baş nazirin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik edilməsi barədə digər qərarı ilə isə həmin qaydalara 4.1-ci bəndinə aşağıdakı məzmunda beşinci abzas əlavə edilib:

“Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər.”