Şəhidlərdən biri tələbə olub, hələ təhsilini başa vurmamışdı - FOTOLAR
Şəhid Polad Şirinov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kollecinin tələbəsi olub və hələ təhsilini başa vurmamışdı.
Bu barədə Qazet.az-a Azərbaycan Memarlıq və İnşaat Universitetindən məlumat verilib.
“Sentyabrın 12-sindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən şəhid olan hərbi qulluqçumuz Polad Şirinov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kolecinin tələbəsi olub.
5 oktyabr 2002-ci ildə Bakı şəhərində anadan olmuş Polad Şirinov orta məktəbi bitirdikdən sonra AzMİU-nun nəzdində İnşaat Kollecinin su təchizatı və suayırma ixtisasına qəbul olunub. O, Vətən müharibəsi ərəfəsində təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşüb və xidməti başa çatdıqdan sonra müddətdən artıq hərbi quluqçu kimi ordu sıralarında xidmətini davam etdirib”, - deyə universitetdən bildirilib.
Ermənistan silahlı qüvvələri tərəfindən törədilən son təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olan Polad Şirinov II Fəxri Xiyabanda dəfn olunub. AzMİU-nun, eləcə də tələbəsi olduğu İnşaat Kollecinin rəhbərliyi, şəhidin müəllimləri və tələbə yoldaşları şəhidin məzarını ziyarət edərək məzarının önünə əklil qoyublar.
Allah rəhmət eləsin!