Selə qarşı mübarizə tədbirləri görülür - FOTO
Zaqatala rayonunda selə qarşı mübarizə tədbirləri görülür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov Qazet.az-a bildirib ki, Zaqatalanın dağ çaylarında sel sularına qarşı mühafizə tədbirləri aparılır. Zaqatala Melioservis İdarəsi bu işləri rayon ərazisindən axan Muxax çayda həyata keçirir. Mənbəyini Böyük Qafqaz sıra dağlarından götürən Muxax çayı zaman-zaman sel gətirən çay olduğundan əkin sahələrini, yaşayış məntəqələrini, meşə zolağını və yaxınlıqdan keçən magistral yolu təhlükədə qoyurdu. Əsasən yaz və payız aylarında çayda suyun səviyyəsi artır, əksər vaxtlarda isə bu hal sel gəlməsi ilə nəticələnirdi. Hazırda bu kimi problemlərin aradan qaldırılması üçün idarənin texnikaları çayın məcrasına cəlb olunub.
Muxax çayının əhatəsində 12 kənd yerləşir. Bu kəndlərdə isə 30 min nəfərə yaxın əhali yaşayır. Həmin ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək, əkdikləri kənd təsərrüfatı bitkilərini qorumaq üçün texnikalar vasitəsi ilə çay məcraları mütəmadi olaraq təmizlənir. Bundan başqa rayon ərazisindən keçən Tala çayda, Qax rayonu ərazisində Kürmük çayda və Qara çayda bu işlər davam edir. Hazırda Qara çayın məcrası təmizlənir, çaya gələn lilli suyun maneəsiz olaraq kənd ərazilərindən ötüb keçməsi təmin olunur.
Qeyd edək ki, Zaqatala Melioservis İdarəsi Zaqatala və Qax rayonları ilə yanaşı Beyləqan rayonunda P-1 və P-2 kanallarının lildən təmizlənməsi işlərini yekunlaşdırıb. Hazırda idarənin texnikaları Qəbələ rayonu ərazisində suvarma kanallarını lildən təmizləyir. Göygöldə isə su itkisinin qarşısının alınması məqsədilə kanalın beton üzlüyə alınması işləri görülür.