Bakı 19˚C Sunny

Serbiya nümayəndə heyəti DOST Mərkəzi ilə tanış olub

Siyasət 13:49 17 noy, 2022
Serbiya nümayəndə heyəti DOST Mərkəzi ilə tanış olub

Ölkəmizdə səfərdə olan Serbiya xarici işlər nazirinin konsulluq məsələləri üzrə köməkçisi Vera Vukiceviçin rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı DOST Mərkəzi ilə tanış olub.

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən Qazet.az-a bildiriblər ki, Prezident İlham Əliyevin 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla yaradılan DOST konsepsiyası, DOST Agentliyi və mərkəzlərinin dövlət sosial xidmətlərinə gətirdiyi mühüm innovasiyalar, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərildiyi barədə nümayəndə heyətinə məlumat verilib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov onları DOST Mərkəzinin fəaliyyəti, buradakı xidmət bölmələri, mərkəzdəki vahid əlaqələndirmə mərkəzi ilə tanış edib.

Görüş zamanı agentliyin DOST xidmətləri departamentinin müdiri Aygün Musayeva DOST konsepsiyası barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST-un ilk mərkəzi 2019-cu ilin mayında açılıb. Hazırda fəaliyyət göstərən 5 DOST mərkəzinə ümumilikdə 1,2 milyona yaxın müraciət olub. Mərkəzlərdə sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə 154 xidmət göstərilir. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 98,2 faiz təşkil edir.