Bakı 10˚C Intermittent clouds

Sərhəd tam bağlandı: Nə baş verir?

Gündəm 19:55 04 iyl, 2022

Dövlət Sərhəd Xidmətində isə bildirilib ki, sərhədlər, həqiqətən, bağlıdır

Sərhəd tam bağlandı: Nə baş verir?

Naxçıvan Muxtar Respublikasının Türkiyə və İranla sərhədləri bağlanması, vətəndaşların Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələrində qalması ilə bağlı məlumat yayılıb.

Qazet.az xəbər verir ki, bu barədə sosial şəbəkədəki məlumatlarda qeyd olunurdu ki, nəticədə əksəriyyətini tələbələrin təşkil etdiyi minlərlə insanın uçuş bileti, hotel rezervasiyası batıb. Qeyri-rəsmi məlumatlara görə, sərhəd iki ay müddətinə bağlı qalacaq. Məsələ ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi sərhədlərin bağlanıb-açılmasının onların səlahiyyətində olmadığını, sözügedən məsələyə cavabdeh qurum kimi Nazirlər Kabinetini göstərdi. Hələ ki, NK sərhəddəki vəziyyətlə bağlı açıqlama verməyib. Dövlət Sərhəd Xidmətində isə bildirilib ki, sərhədlər, həqiqətən, bağlıdır:

"Dövlət Sərhədi Xidməti tərəfindən hazırda vətəndaşların sərhəd buraxılış məntəqələrində dövlət sərhədindən buraxılışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli 232 nömrəli qərarına müvafiq olaraq, müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir. Bu vəziyyət 1 sentyabr tarixinə qədər qüvvədədir".

Xatırladaq ki, pandemiya səbəbindən Azərbaycanın quru sərhədlər rəsmi olaraq qapalı olsa da, Naxçıvan ərazisindən Türkiyəyə keçid açıq idi. İran da xeyli müddətdir ki, qonşu ölkələrlə quru sərhədini açıb. Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi. Həmçinin Bakıdan Naxçıvana gedən avtobuslar da İrandan keçməklə hərəkət edirdi.

Artıq yay turizm mövsümü başlayıb. Dünyada turizmin ən hərəkətli dövrü hesab edilən bu mövsümdə Azərbaycan tərəfinin quru sərhədlərini bağlı saxlaması bu sektora daha da zərbə vurur.

Hazırkı vəziyyət, Naxçıvanla sərhədlərin bağlanması ölkədə onsuz da baha olan daxili turizmdə otellərin bahalaşmasına gətirib çıxarmayacaqmı?

“Yeni Sabah”ın məlumatına görə, “Skal İnternational Baku” Beynəlxalq Turizm təşkilatının prezidenti, turizm üzrə ekspert Ceyhun Aşurov Cebhe.info-ya bildirdi ki, quru sərhədləri yalnız Naxçıvan bölgəsində, Türkiyə və İranla açıq idi, digər sərhədlərimiz bağlı idi.

“Lakin bir neçə gün öncə yeni qərara əsasən, Azərbaycan tərəfindən həmin quru sərhədləri də bağlandı. Bununla bağlı xaricdəki, İran və Türkiyədəki turizm şirkətlərindən də məlumat almışıq ki, onlar artıq qruplarını keçirə bilmirlər. Onlar ona görə quru sərhədlərinə üstünlük verirdilər ki, oradan gəlmək daha ucuz başa gəlirdi. Naxçıvandan da Bakıya təyyarə vasitəsilə daha uyğun qiymətə gələ, digər regionlara səfər edə bilirdilər. Hazırkı vəziyyətdə sərhədlər bağlıdır və bu, o deməkdir ki, həmin marşrutdan istifadə edə bilməyəcəklər. Bu, gələnlərin sayına da öz təsirini göstərəcək. Yəni daha az xarici vətəndaş Azərbaycana gələcək. Bunu təhlükəsizliklə, COVID-19, digər yeni pandemiya ilə bağlı risklərin olması ilə əlaqələndirirlər. Ancaq hələ ki, ictimaiyyətə tam açıqlama verilməyib. İstənilən halda turizmçi olaraq bizim üçün arzu olunandır ki, sərhədlər açılsın, daha çox turist gəlsin, xidmət göstərək və ölkəyə valyuta axını çoxalsın. Hazırda tirzimdə yuxarı mövsümündəyik və ümid edirik ki, bu məsələ ilə bağlı daha optimal qərarlar veriləcək, bu, bizim turist sayına mümkün qədər xələl gətirməyəcək”.

Ekspertin sözlərinə görə, qlobal iqtisadiyyatda bahalaşma var və bu, turizmdə də özünü göstərir:

“Əvvəlki illə müqayisədə bu ilin ilk rübündə gələnlərin və gedənlərin sayında aktivlik müşahidə olunur. Onu da qeyd edək ki, xaricə səfərlərin özündə də bahalaşma var. Əgər 2019-cu ildə qlobal turist 1000 dollar pul xərcləyirdisə, artıq bu xərclər müxtəlif səbəblərdən- istər enerji daşıyıcıları, nəqliyyat vasitələrinin daşınma xərcləri, istərsə də ərzaq xərcləri ilə əlaqədar artıb. Artıq orta qiymət 40 faizə qədər bahalaşıb. Artıq ortalama bir turist 1400 dollar pul xərcləyir. Bu, o deməkdir ki, xaricə gedən Azərbaycan vətəndaşı da daha çox vəsait xərcləməlidir. Görünən odur ki, daxili bazarda tələbat yüksək olacaq. Tələbatla əlaqədar olaraq qiymətlər də doluluğa görə tənzimlənir. Xüsusilə də Bakı və yaxın ərazilərdə, 3 saatlıq məsafədə olan regionlarda doluluq daha çoxdur və qiymətlər yüksəkdir. Məsafə bir qədər uzaqlaşdıqca, qiymətlərdə müəyyən mülayimləşmə hiss olunur”.

Sərhədlərin bağlanmasının qiymətlərə birbaşa təsirinə gəlincə, həmsöhbətimiz bildirib ki, bu, əslində tələbatın azalmasına səbəb olacaq:

“Düşünmürəm ki, qiymətlərdə ciddi şəkildə artım olacaq. Əksinə, azalmaya səbəb ola bilər”.