Bakı -6˚C Windy

Sərhəd təxribatında xəsarət alan hərbçilərin müayinələrinə başlanıldı

Cəmiyyət 10:10 22 sen, 2022
Sərhəd təxribatında xəsarət alan hərbçilərin müayinələrinə başlanıldı

Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması zamanı xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsinə başlanılıb.

Bu barədə Qazet.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə alan hərbçiləri ziyarət edərək onlara ilkin əyani baxış keçirib.

Məqsəd onların sağlamlıq vəziyyətlərinin operativ qiymətləndirilməsi, əlillik təyinatına əsas olduğu halda lazımi sənədlərin sürətli şəkildə rəsmiləşdirilərək elektron sistemə daxil edilməsinə dəstək və əlillik təyinatının aparılmasıdır.

Artıq xəsarət almış 50-dək hərbiçinin səyyar əyani müayinəsi aparılıb. Proses növbəti günlərdə də davam edəcək.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edir, yaralılarımıza Allahdan şəfa diləyirik!