Səudiyyə Ərəbistanı Azərbaycanla münasibətlərin daha da möhkəmlənməsində maraqlıdır
Şahzadə Əbdüləziz bin Salman əl Səud Azərbaycanın Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətləri sayəsində OPEC+ çərçivəsində əldə etdiyi uğurların əhəmiyyətini də vurğulayıb
Səudiyyə Ərəbistanı Azərbaycanla münasibətlərin daha da möhkəmlənməsində maraqlıdır.
Qazet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud yanvarın 13-də krallığın “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində çıxışında məlumat verib.
O, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırıb: "Onlar Azərbaycan Respublikasına davamlı uğur diləyir, Azərbaycanla münasibətlərin daha da möhkəmlənməsində Səudiyyə Ərəbistanı Krallığının maraqlı olduğunu bir daha vurğulayırlar".
Şahzadə Əbdüləziz bin Salman əl Səud Azərbaycanın Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətləri sayəsində OPEC+ çərçivəsində əldə etdiyi uğurların əhəmiyyətini də vurğulayıb. O, son bir neçə il ərzində dünya neft sənayesində və OPEC+ formatında iki ölkə arasında güclü müttəfiqlik, tərəfdaşlıq və dostluq əlaqələrinin qurulduğunu qeyd edib: "Azərbaycan və Səudiyyə Ərəbistanı arasında uzun müddət ərzində güclü diplomatik və iqtisadi münasibətlər olub. Krallıq 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Bu münasibətlər müasir Azərbaycan dövlətinin banisi, mərhum Prezident Heydər Əliyevin 1994-cü ildə Ər-Riyada səfəri ilə daha da gücləndirilib. Allah ona rəhmət eləsin!"