Bakı 19˚C Mostly cloudy

Səudiyyə Ərəbistanının xarici işlər naziri: "İranla istənilən dialoqu alqışlayırıq"

Siyasət 13:15 17 dek, 2021

“Tehran və Ər-Riyad arasında artıq rəsmi olaraq elan edilmiş bir sıra birbaşa danışıqlar aparılır”

Səudiyyə Ərəbistanının xarici işlər naziri: <span style="color:red">"İranla istənilən dialoqu alqışlayırıq"</span>

Səudiyyə Ərəbistanının xarici işlər naziri İordaniyada iranlı və səudiyyəli ekspertlər arasında təhlükəsizlik görüşünün keçirilməsi ilə bağlı mətbuatda yayılan iddialara aydınlıq gətirib.

Qazet.az Fars xəbər agentliyinə əsasən bu barədə məlumat verir.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ölkəsinin təhlükəsizlik ekspertlərinin İordaniyada təhlükəsizlik məsələləri ilə bağlı keçirilən iclas çərçivəsində İranla hər hansı bir gizli görüş keçirməsini təkzib edib.

"Russia Today"in xəbərinə görə, bin Fərhan misirli həmkarı Sameh Şükri ilə Qahirədə keçirdiyi birgə mətbuat konfransında Səudiyyə və İran ekspertlərinin İordaniyada görüşünün keçirilmədiyini bildirib. 

O, əlavə edib ki, İordaniya bu yaxınlarda dünyanın hər yerindən mütəxəssislərin iştirak etdiyi təhlükəsizlik konfransına ev sahibliyi edib.

“Səudiyyə Ərəbistanı istənilən danışıqları alqışlayır” deyən nazir  bildirib ki, Tehran və Ər-Riyad arasında artıq rəsmi olaraq elan edilmiş bir sıra birbaşa danışıqlar aparılır.

Qeyd edək ki, İordaniyanın rəsmi xəbər agentliyi olan “Petra” bir neçə gün əvvəl Əmmanda İran və Səudiyyə rəsmiləri arasında ekspertlər səviyyəsində təhlükəsizlik görüşünün keçirildiyini açıqlamışdı.

Mənbənin sözlərinə görə, Əmmandakı Ərəb Təhlükəsizlik Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə keçirilən görüşdə tərəflər bir sıra təhlükəsizlik və texniki məsələləri müzakirə ediblər. Onlar əlaqələrin genişləndirilməsini və regional sabitliyin möhkəmləndirilməsini vacib hesab ediblər.

Bu arada, bazar ertəsi ingilis nəşri İran diplomatik mənbələrinə istinadən Petra xəbər agentliyinin iddiasını təkzib edib və bəhs edilən görüşdə heç bir İran rəsmisinin iştirak etmədiyini bildirib.