Bakı 12˚C Cloudy

Qələmi silaha dəyişənlər - Qarabağ döyüşlərində iştirak edən jurnalistlərlə MÜSAHİBƏ

Eksklüziv 14:35 27 sen, 2022
Qələmi silaha dəyişənlər -  Qarabağ döyüşlərində iştirak edən jurnalistlərlə MÜSAHİBƏ

27 sentyabr- 8 noyabr Azərbaycan xalqı üçün unudulmaz xatirələrlə keçən iki ay oldu. İstər qəmgin, istərsə də sevincli hadisələrlə insanları gözyaşına qərq edən ordumuzun Zəfər Yolu üzərindən 2 il keçməsinə baxmayaraq, xalqımızın dillər əzbəridir. Bu döyüşlərdə şəhid olan, yaralanan, hər bir anında müxtəlif cəbhələrdə xidmət edən döyüşçülər Azərbaycan xalqının qəhrəmanları, dövlətin azadlıq simvoludurlar. 44 günlük müharibədə yaşanılanlar isə xüsusilə döyüşçülər üçün bir ömür unudulmayacaq bir dastandır, gözlərinin önündən hər dəqiqə keçən filmdir. Bu filmin kadrları isə onların dilindən deyilən sözlər, təəssüratlardır. Kadrları lentə almaq jurnalistlərin işi olsa da, bu döyüşlərdə qələmi yerə qoyub iştirak edən bəzi jurnalistlərimiz də olub.

Bununla bağlı  ikinci Qarabağ döyüşlərinin iştirakçısı olmuş jurnalistlər Nicat İsmayılov və Mehman Əşrəfov Qazet.az-ın jurnalisti Azad Nuriyevlə öz təəssüratlarını bölüşüblər.

Nicat İsmayılov Hərbi Hava Qüvvələrində xidmətini belə şərh edib:

"Müharibənin Aviasiya tərəfinin ön cəbhəsində olmuşam. Aviabazada xidmət etmişəm. Döyüş zamanı hərbi hissəmizə ilk dəfə gətirilən "TB-2 Bayraktar" PUA-larını bombalarla biz təmin etmişdik. Sentyabr ayının 27-i gecə saatlarında bizə həyacan siqnalı verildi. Dərhal döyüş planına uyğun olaraq, silah-sursatla toplandıq. Komanda gələndən sonra aviabazadan havaya qalxan SU-25 qırıcı təyyarələrinin mərmi ilə təminatını həyata keçirməyə başladıq. Təminatçı olmuşam, qırıcıların, helikopterlərin təminat-təchizat işləri ilə məşğul olmuşam. Helikopterlər döyüşə yollanırdılar. Xüsusi bir əməliyyatımız da olmuşdu. Məxfi olduğu üçün o barədə məlumat verə bilməyəcəm. Komandirimiz şəhid olduqdan sonra bizi Cəbrayıla göndərdilər. Olduqca ağır mənzərə idi. Hərbi hissədə böyük canfəşanlıq var idi, gecə-gündüz çalışırdıq ki, pilotlarımız ləngimədən düşmən üzərinə şığısınlar. Hərbi aviasiya döyüşdə çox fəal iştirak edirdi. HHQ-nin aviasiya rəhbəri Vətən Müharibəsi qəhrəmanı general-mayor Namiq İslamzadə bütün döyüş planını özü hazırlayıb, nəzarət edirdi. Plana uyğun olaraq, SU-25, Mİ-29 tipli döyüş təyyarələrinin fərqli istiqamətlərdən uçuşları həyata keçirilirdi. Bu döyüşlərdə HHQ-nin polkovniki Azərbaycan hava məkanına keçən düşmən təyyarəsini aşkar etmişdi. Həmin təyyarəni polkovnik məhv edə bilmişdi. İkinci belə bir əməliyyatda pilot SU-30 qırıcı düşmən təyyarəsini dağlara çəkərək orada zərərsizləşdirmişdi. Bizim pilotların şücaəti nəticəsində həmin SU-30 özünü dağa çırpmağa məcbur olmuşdu. Ermənilər bizim aviabazamızı da vurmağa cəhd etmişdilər. Komandirlərimizdən polkovnik Zaur Nurəliyev döyüş planının hazırlanmasında iştirak etmişdi. O, SU-25 qırıcılarının usta pilotlarından biri idi. Cəbrayıl uğrunda gedən döyüşlərdə gecə uçuşunu həyata keçirərkən qəhrəmancasına şəhid oldu. O, qorxmaz, sayılıb-seçilən komandirlərdən olub. 44 günlük müharibədə qorxduğum yeganə gün onun şəhid olduğu gün oldu. Ümumilikdə, HHQ bu döyüşlərin taleyini həll etdi. Düşmənin şimal cəbhəsində hücumlarının qarşısını almaq, cənub cəbhəsində geri oturtmaq baxımından HHQ-nin müharibədə böyük rolu oldu. Onlar böyük uğurlara imza atdılar. İlk dəfə NATO-nun gözü qarşısında Azərbaycan rus mənşəli HHM sistemlərini məhv etmişdi. Bunun necə baş verdiyini mən öz gözlərimlə gördüm. Uçuş tavanı 7000 metr olsa da pilotlarımız 9000 metr yüksəkliklə uçurdular. Ermənilərin yerin altında, bunkerlərdə, dağların, mağaraların altında yerləşdirilmiş HHM sistemləri "Bayraktar"ın hədəfinə çevrilmişdi. SU-25 və PUA-ların iştirakı ilə keçən bu əməliyyatın adını "Açıq mücrü" qoymuşdular. Kəlbəcərdə coğrafi mövqeyin əlverişli olmaması çətinlik yaradırdı. Burada ermənilərin təminat yolu olan tunellər bizim HHQ tərəfindən aşkarlanmışdı. Onların bütün təminat yolları kəsilmişdi. Suqovuşan uğrunda gedən döyüşlərdə Hərbi Hava Qüvvələri ilə koordinasiya döyüşün taleyini dəyişdi. Təsadüfi deyil ki, HHQ pilotlarının əksəriyyəti Suqovuşan medalı daşıyırlar. Bu istiqamətdə düşmənin zərərsizləşdirilməsində HHQ-nin çox böyük əməyi olub. Eyni xidmət Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində də göstərilmişdi. Şuşa şəhərinin tarixi-memarlıq üslubunun qorunması baxımından burada gedən döyüşlərdə HHQ iştirak etməmişdi. Bizim komandirlərimiz ermənilərin öldürdüyü mülki insanların qisasını döyüş meydanında Xankəndidə, Xocalıda almağı bacarmışdılar".

Döyüşlərdə aktiv iştirak edən “Qarabağ” futbol klubunun media departamentində çalışan Mehman Əşrəfov da öz fikirlərini bölüşüb:

"Bu gün həm hüznlü, həm də qürurlu günümüzdür. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi daim yad etməli, xatirələrini əbədiləşdirməliyik. Onların haqqı ödənməz... 44 günlük döyüş, 100 günlük xidmət... Heç bilmirəm nədən danışım, haradan başlayım. İnsan övladı şad günləri bəlkə də tez unudur, amma bu çətin günlər yəqin ki, məndə olduğu kimi, bütün döyüş yoldaşlarımın yaddaşında əbədi həkk olunub. Hissləri sözlə ifadə etmək həqiqətən də çətindir. Hər bir Azərbaycan övladı torpaqlarımızdan düşməni qovmaq və zəfər qazanmaq arzusunda idi. Şükürlər olsun ki, ordumuz və xalqımızın birliyi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik həsrətə son qoyduq.

Bu gün səhər Şəhidlər xiyabanına baş çəkdim. Mənim üçün çox ağır idi... Nə qədər sevinsək də, o itkilərin yeri dolmayacaq. Qubadlı və Laçın rayonları istiqamətində döyüşlərdə iştirak etmişəm. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə tabor komandirimiz Mayor Rəhim Hüseynov şəhid olmuşdu. Bu gün xiyabanda onu və digər şəhid döyüş yoldaşlarımızı ziyarət etdim. Allah hamısına rəhmət etsin. Həftəsonu "Neftçi" ilə oyundan sonra İsmayıllıya gedəcəm və mənimlə birgə döyüşlərə getmiş, amma geri qayıtmayan uşaqların ailəsini ziyarət edəcəyəm. Biz nə etsək də, azdır. Allah şəhidlərimizə rəhmət eləsin"

Qələmi silaha dəyişənlər -  Qarabağ döyüşlərində iştirak edən jurnalistlərlə MÜSAHİBƏ
Qələmi silaha dəyişənlər -  Qarabağ döyüşlərində iştirak edən jurnalistlərlə MÜSAHİBƏ
Qələmi silaha dəyişənlər -  Qarabağ döyüşlərində iştirak edən jurnalistlərlə MÜSAHİBƏ
Qələmi silaha dəyişənlər -  Qarabağ döyüşlərində iştirak edən jurnalistlərlə MÜSAHİBƏ
Qələmi silaha dəyişənlər -  Qarabağ döyüşlərində iştirak edən jurnalistlərlə MÜSAHİBƏ