“Silahın mistik gözəlliyi” adlı kataloqun təqdimatı olub
Milli Azərbaycan Tarixi Muzeyində “Silahın mistik gözəlliyi” adlı kataloqun təqdimat mərasimi keçirilib.
Qazet.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, alimlər, tədqiqatçılar və muzey əməkdaşları, eləcə də media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tdəbirdə çıxış edən N.Vəlixanlı əvvəlcə tədbirin mahiyyətindən danışıb. O, muzey tərəfindən Azərbaycanın hərb tarixinə həsr olunmuş tədbirlərin mütəmadi olaraq keçirildiyini xüsusi vurğulayıb. Akademik qeyd edib ki, onlardan biri hazırda muzeydə nümayiş olunan silah sərgisidir.
A.Kərimov çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44-günlük Vətən müharibəsində qazandığı parlaq qələbədən söz açıb.
O, məhz bu qələbə nəticəsində Azərbaycanın hərb tarixi, xalqımızın hərb işi və silahlarına ölkəmizlə yanaşı, xaricdə də marağın artdığını vurğulayıb.
Nazir dövlət başçısının tapşırığına uyğun olaraq bildirib ki, Azərbaycan vətəndaşları, xüsusilə gənc nəslin hərbi-vətənpərvərlik istiqamətində tərbiyəsi hər zaman diqqət mərkəzindədir və bu baxımdan praktiki addımlarla bərabər elmi əsaslarla yazılmış kitablara böyük ehtiyac var.
Muzeyin Elmi Ekspozisiya və Sərgilərin Təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov müəllifi olduğu kataloq haqqında məlumat verib.
O, kataloqda qeyd edilən məsələlər, onun strukturu və təhlil olunan silahlar haqqında çıxış edib. Müəllif 300-dən artıq fotoşəkillərlə zənginləşdirilmiş kataloqda XVI-XIX əsr Azərbaycan silahlarının növləri, təyinatı və xüsusiyyətləri haqqında məlumat verib. Həmçinin kataloqda sözügedən sərgidə nümayiş olunan eksponatların çoxsaylı fotoşəkilləri vasitəsilə silahların ümumi görünüşü ilə yanaşı, onların dekorativ tərtibatına da diqqət yetirilib.
Daha sonra kataloqun hazırlanmasında iştirak etmiş şəxslərə muzey adından təşəkkürnamələr təqdim edilib.
Sonda qonaqlar muzeydə nümayiş olunan "Silahın mistik gözəlliyi” adlı sərgi ilə tanış olublar.
Tədbir iştirakçılarına kataloq təqdim olunub.