Soçidə vacib qərar: Bu həftə və ilin sonunadək...
Azərbaycan bu mərhələ üçün də istəyinə çatıb
Böyük intizarla gözlənilən Soçi görüşü, nəhayət, başa çatdı. Mətbuata açıqlanan mövqelərdən, imzalanan və səsləndirilən bəyanatlardan aydın olur ki, Azərbaycan bu mərhələ üçün də istəyinə çatıb.
Qazet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü ötən gün Soçidə baş tutan üçtərəfli görüşlə bağlı qeyd edib.
Onun sözlərinə görə, hər şeydən əvvəl ona nail olunub ki, bu dəfə konkret vaxt müəyyənləşdirməklə, Paşinyanın prosesi müxtəlif bəhanələrlə növbəti dəfə süründürmək və uzatmaq cəhdinin qarşısı alınıb:
“Tərəflər arasında bir-birinin ərazi bütövlüyünün və dövlət suverenliyinin tanınmasının və yekun sülh sazişinin imzalanmasının tezləşdirilməsinin vacibliyini bildirən Rusiya Prezidenti Putin mətbuat konfransında elan edib ki, bu ilin sonunadək xüsusən də iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəliblər.
Eyni zamanda, o, məsələ üzərində işləyən baş nazirlərin müavinlərinin gələn həftə, müəyyən yekunlar vurmaq və Soçidə razılaşdırdıqları, qəbul etdikləri qərarları elan etmək üçün Moskvada toplaşacaqlarını açıqlayıb”.
Politoloqun fikrincə, ikinci mühüm bəyanat “Biz bu görüşdə gündəlikdə olan bütün məsələləri açıq müzakirə etdik” deyən və növbəti dəfə əvvəlki razılaşmalara əməl etmək öhdəliyi götürən Paşinyanın dilindən səsləndirilib:
“O, mətbuat konfransındakı çıxışını belə yekunlaşdırıb: “Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm...”
Beləliklə, sülh danışıqlarına Qərbin də cəlb ediləcəyi 15 dekabra - Brüsselə planlaşdırılan görüşədək, razılaşdırılmış qərarların nədən ibarət olunduğunun açıqlanacağı daha bir görüş də Moskvada keçiriləcək”.(axar.az)