SON DƏQİQƏ! İrəvanın Qarabağdakı uzantıları KƏSİLDİ: Sonuncu “patronlar” ATILDI
İrəvanın Qarabağdakı uzantıları kəsildi
Rəsmi İrəvanın Qazaxıstan hadisələri fonunda təxribatlar törətməklə Azərbaycanla sərhədə KTMT-ni, daha dəqiqi, Rusiya silahlı qüvvələrini cəlb eləmək planı iflas oldu. Həm də neçənci dəfə. Təsadüfi deyil ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova sərhəddəki son toqquşma ilə bağlı sırf növbətçi, şablon açıqlama ilə kifayətləndi. Bildirdi ki, Moskva Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır.
Qazet.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, Zaxarova həmçinin gərginlikdən qaçmağın əsas həllini sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanmasında gördüyünü söyləyib. Bir daha qeyd edib ki, bu məsələdə Rusiya hərtərəfli yardım etməyə hazırdır.
Göründüyü kimi, Kreml İrəvanın iddia elədiyi kimi, heç də Azərbaycan Ordusunun Ermənistan ərazisinə girdiyi qənaətini bölüşmür. Eyni zamanda, tərəflər arasında sərhədlərin dəqiqləşməsi üçün prosesi sürətləndirməyi vacib sayır. Bu isə məhz erməni tərəfinin günahı üzündən gecikmədədir. Çünki təzə ilin ilk ayında delimitasiya və demarkasiya ilə bağlı ikitərəfli komissiya öz işinə başlamalıdır.