Bakı 4˚C Mostly cloudy

Son yağıntılar torpaq sürüşmələrini aktivləşdirə bilər? - AÇIQLAMA

Gündəm 18:00 16 noy, 2022
Son yağıntılar torpaq sürüşmələrini aktivləşdirə bilər? - AÇIQLAMA

“Son günlər ölkəmizdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunmur”.

Qazet.az xəbər verir ki, bunu çərşənbə günü mediaya açıqlamasında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, son günlər intensiv yağan yağıntılar hələ sürüşmə zonalarında aktivliyə səbəb ola bilməz:

“Çünki bütün geoloji kəsiliş boyu islanma hadisəsi baş verməyib. Geodinamik vəziyyət həm də süxurların mövcud vəziyyəti aktivləşmək üçün əsas vermir. Atmosfer çöküntülərinin miqdarı hələ yetərincə deyil ki, bu sürüşmə prosesləri anomal aktivləşsin”.

Xidmət rəisi deyib ki, operativ müşahidələr bu gün əsasən Lerik, Astara, Lənkəran və Yardımlı rayonları üzrə həyata keçirilir. Xüsusilə, Lerik rayonu ərazisində lokal sürüşmə elementlərinə rast gəlinir. Bunun da əsas səbəbi Lerikdə atmosfer çöküntülərinin çox olmasıdır. Qeydə alınan faktlar əsasən sürüşmə-çökmə prosesləridir. Böyükhəcmli proseslər hələ ki, baş verməyib.

“Bakının Bayıl qəsəbəsində aparılan müşahidələrə əsasən, deyə bilərəm ki, həmin ərazidə heç bir dəyişiklik və gərginlik müşahidə olunmur”, - deyə Xidmət rəisi qeyd edib.