Bakı 12˚C Cloudy

"Sovet dönəmindəki qəzetlərə baxanda adam utanır" Qan Turalı - EKSKLÜZİV

Eksklüziv 09:05 22 iyl, 2022

Yazıçı Qan Turalıdan açıqlama

"Sovet dönəmindəki qəzetlərə baxanda adam utanır" Qan Turalı - EKSKLÜZİV

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycan milli mətbuatının, maarifçiliyin və milli kimliyi tanıtma prosesinin təməli qoyuldu. Artıq 1 əsrdən çoxdur ki,  mətbuat maarifçilik prinsipləri ilə paralel addımlayır. Müasir dövrün mətbuat tarixçiləri də əslində milli mətbuatın deyil, milli kimliyimizin tarixini araşdırırlar.

Bu tarixi günlə bağlı Qazet.az-a danışan yazıçı, filosof Qan Turalı mətbuatımızın keçmişdən bu günə kimi keçdiyi yolunu şərh edir.

Azərbaycan mediası XIX əsrin son rübündən, yəni 1875-ci ildən bu yana qədər doğrudan da çox mürəkkəb və çoxşaxəli yol keçmişdir. Azərbaycan xalqının taleyi də, güzəranı da, ölkəmizdə və xaricdə baş verən ictimai-siyasi proseslər də Azərbaycan mediasının gedişatına təsir göstərmişdir. 

Əvvəlcə, əlbəttə ki, bu gün Azərbaycan mediasının ilk  flaqmanı olan “Əkinçi” qəzetini qeyd etmək lazımdır. Cəmi iki il və 56 nömrə ilə çap olunan mətbu orqan olub. Həsən bəy Zərdabi aldığı təhsil istiqamətində Azərbaycan xalqına kənd təsərrüfatı ilə bağlı məsləhətlər vermək üçün bu jurnalı təsis etmişdir. 

Artıq qəzet 2il sonra bağlandıqda çox az, 100-ə çatmayan abunəçisi vardı. Azərbaycanın böyük bir dövründə, çar imperiyasının tərkibində idi. Bu imperiyanın bir ucqarı idi Azərbaycan. Bizdən sonra Iran başlayırdı. Ucqarda çap olunan mətbu orqan kimi fəaliyyət göstərmişdir. 

Sonrakı illərdə isə Azərbaycanda “Kaspi”, “Irşad”, “Ziyayi Qafqaziyyə” qəzeti kimi çox qəzetlər çap olunub. Amma mənə elə gəlir ki, Azərbaycan mətbuatında sözün həqiqi mənasında ölkənin simasını müəyyənləşdirən, həm uzun müddətli həm də ictimai-siyasi düşüncəyə verdiyi dəstəklə, göstərdiyi təsir ilə “Molla Nəsrəddin” jurnalını 1906-cı ildə təsis olunur. Sovet dövründə də, 1926-cı ildə adı dəyişdirilir. O vaxta qədər də böyük və aktiv fəaliyyət göstərir. 

Əlbəttə ki, bu dövrdə də başqa problemlər var idi. Ömər Faiq Nemanzadə Cəlil Məmmədquluzadə ilə birlikdə “Molla Nəsrəddin” jurnalının redaktorlarından biri idi. Nemənzadə də qalada həbs olunur. Jurnalın Irana və Türkiyəyə keçməsi qadağan edilir. Jurnala senzura qoyularaq qısa müddət bağlanılır. Azərbaycan mediasının o dövrü də heç də xoş deyildi.

O ki qaldı Sovet mediasına bütövlükdə hakim partiyanın nəzarətində olan bir media idi. Çar dönəmi ilə müqaisədə daha qatı və senzuralı idi. Ona görə də sözün həqiqi mənasında müstəqil Azərbaycan Respublikası 1991-ci ildən başlayır. “Azadlıq”, “Azərbaycan” qəzeti ilə bağlıdır. Ötüb keçən və 30 ildən artıq olan müddətdə Azərbaycan mediasının böyük inkişafını, yüksəlişini görmək olar. Sovet dönəmindəki qazetlərə baxanda adam utanır. Bütün gün qoyunçuluqdan yazı yazırdılar. Içtimai tənqidin olmadığı, yuxarıların icazəsi və tapşırığı ilə yazıların dərc olunduğu bir media idi. 

Günümüzə gəldikdə isə Azərbaycan mediası çox qurbanlar verib. Bu günə gəlincəyə qədər çox böyük mübarizələrdən keçib. Azərbaycanda yazılı media formalaşaraq oturuşub. Özünəməxsus standartlar müəyyənləşib. Bu haqda çoxlu tənqidi məqamlara da toxunmaq olar. Müasir Azərbaycan mediasının formalaşmasında əsas problemlərdən biri odur ki, bizim güclü, oturuşmuş qəzetlərimiz olmadı. Güclü maliyyə, arxasında iqtisadi dəstəyi, oxucu dəstəyi olan bir qəzet olmadı. Reklam bazarı yaradıla bilmədi. Süni şəkildə də bunu yaratmaq mümkün deyil.

Bir neçə il öncə Litvaya getmişdim. Sahəsi ölkəmizdən iki dəfə balaca olan ölkədə gündəlik qəzetlərin 70-80 min tirajı var. Ümumilikdə Azərbaycanla bunu müqaisə etmək mümkün deyil. Bu bizim milli problemimizdir. Bir tərəfdən də qlobal problem var. “Posttruth” deyilən bir şey var. Sosial medianın ortaya çıxması və onun ənənəvi medianı sıxışdırması var. Insafən, bu xarici mediada kəskin şəkildə müşahidə edilmir. Çünki onların resursları da kifayət qədər çoxdur. Nyu-York Tayms qəzetinin təkcə internet əlavəsində 70 işçisi var. Qəzetin internet saytı pulludur. Bizdə isə oturuşmamış, güclü maliyyə resurslarına sahib olmayan mediamız isə bu vəziyyəti çox ağır keçirir. Azərbaycanda qısa müddətə qəzet oxucusundan danışmaq olardı. Amma Azərbaycanda qəzet oxucusu da yoxdur. Hər Hər şey saytların üstünə yüklənib. Saytların linkləri sosial mediada paylaşılır. Oxucular nəyin doğru nəyin səhv olduğunu bilmədən paylaşmağa və inanmağa başlayırlar. Bu tendensiya son dövrlərdə müharibədən sonra səngiməyə başladı. Ona görə də hazırki mediamızla bağlı çox da fəxrlə danışa bilməyəcəm. Bir tərəfdən də Azərbaycan mediasının çox güclü ənənələri var. Bu gün də çox yaxşı, parlaq imzaları var. Ölkədəki azadlıq mövqeyi, demokratik abu-hava formalaşdıqca, vətəndaş sözü formalaşdıqca media da inkişaf edəcək. Media da əvvəlki dövrlərə baxanda plüralist və azad olacaq. Istər cəmiyyətin istərsə də dövlətin problemlərini həll edəcək. Sözün həqiqi mənasında 4-cü hakimiyyət funksiyasını yerinə yetirə biləcək.

Qan Turalı
Yazıçı, filosof