STEPI-nin dəstəyi ilə yaradılan onlayn platformanın təqdimatı olub
Azərbaycan Texniki Universitetində Yüksək Texnologiyalar Parkı (YTP) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində təşkil olunmuş forum davam edir.
YTP-dən Qazet.az-a bildirilib ki, tədbirin ikinci günündə yerli ekspert Aysel Abdullayevanın moderatorluğu ilə “Azərbaycanda texnologiyaların kommersiyalaşdırılmasının hazırkı vəziyyəti və strateji planın nəticəsi”, “Texnologiya transferi və kommersiyalaşdırma platforması” sessiyaları üzrə müzakirələr aparılıb.
Layihənin yerli eksperti, dosent İsa Qasımov “Azərbaycanda texnologiyaların kommersiyalaşdırılması sisteminin strateji planı”, layihənin kordinatoru Bünyamin Seyidov isə “YTP-nin texnologiyaların kommersiyalaşdırılması proqramı üçün strateji planı” mövzuları üzrə məruzə ilə çıxış ediblər.
Daha sonra Azərbaycanda texnologiyaların transferi və elmin kommersiyalaşdırılması üzrə cari vəziyyət və növbəti addımlarla bağlı təqdimatlar olub, eləcə də STEPI-nın dəstəyi ilə yaradılan Texnologiyaların Transferi və Kommersiyalaşdırılma üzrə Onlayn Platformanın (ttcp.az) təqdimatı keçirilib. Bildirilib ki, onlayn platformanın əsas məqsədi innovasiya ekosisteminin iştirakçıları arasında texnologiyanın transferi və elmin kommersiyalaşdırılmasına əsaslanan əməkdaşlığı təşkil etmək, innovasiya ekosisteminin formalaşması və inkişafına töhfələr vermək, yerli məzmun və ehtiyaclara cavab verən innovativ imkanlarla zəngin əməkdaşlıq platformasını qurmaq, eləcə də Azərbaycanın innovasiya ekosistemini qlobal bazarlarla əməkdaşlığa əlçatanlığını təmin etməkdir. Qeyd olunub ki, bu platforma Azərbaycanda innovasiya ekosisteminin, o cümlədən intellektual kapitalın və yüksək texnologiyaların inkişafında davamlılığa nail olmağı hədəfləyir.
Forumun sonunda iştirakçılara STEPI tərəfindən sertifikatlar təqdim edilib.