Bakı 4˚C Mostly cloudy

Sülhə səslədiyi üçün ermənilərin qətlə yetirdiyi jurnalist

Gündəm 00:20 10 yan, 2023
Sülhə səslədiyi üçün ermənilərin qətlə yetirdiyi jurnalist

32 il əvvəl Laçında şəhadətə ucalan Azərbaycanın Milli Qəhrəmanı, ilk şəhid qadın jurnalist Salatın Əsgərovanın anım günüdür.

Qazet.az Milli Qəhrəman haqda məlumatları təqdim edir:

- Salatın Əsgərova 1961-ci ildə Bakı şəhərində anadan olub.

- O, orta məktəbi 1979-cu ildə M.Müşfiq adına 18 saylı məktəbdə bitirib. 1984-cü ildə isə Azərbaycan Neft və Kimya İnstitutunda geofizika üzrə mühəndis ixtisasına yiyələnib.

- Lakin jurnalistikaya olan marağı onu tamamilə fərqli sahəyə gətirir. 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində işləməyə başlayır. Müxtəlif mövzularda yazan, xüsusilə də Azərbaycanın bütövlüyü, Qarabağ problemi kimi məsələlərə toxunan S.Əsgərova öz imzasını tezliklə ölkədə tanıtdırmağı bacarır.

- O, 1988-ci ildən fəaliyyətini Azərbaycan komsomol təşkilatının rusdilli nəşri "Molodyoj Azerbaydjana" qəzetində davam etdirir. Burada fəaliyyətə başlayandan sonra Salatın Əsgərova Qarabağa tez-tez ezamiyyətə yollanır.

- Qarabağda ezamiyyətdə olarkən rus zabitinin maşını ilə ermənilər yaşayan kəndlərə gedərək əhalini təhriklərə uymamağa və barışığa çağırırdı. Məhz buna görə ermənilər onu öldürmək istəyirdi.

- S.Əsgərova 1991-ci il yanvarın 9-da sovet hərbçilərinin müşayəti ilə Laçından Şuşaya doğru hərəkət edən avtomobildə erməni yaraqlılarının qurduğu pusquya düşərək aldığı güllə yaralarından dünyasını dəyişib.

- Ölümündən sonra Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. 1992-ci ildə isə Azərbaycan Prezidentinin fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.

- Salatın Əsgərovanın şəhid olduğu yerin yaxınlığındakı kəndə Salatınkənd adı verilib.