Sumqayıtda oğul atasına məxsus obyekti yandırıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Qurd Dərəsi yaşayış massivində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Qazet.az-a verilən məlumata görə, yanğın nazirliyin yanğınsöndürənləri tərəfindən söndürülüb. Yanğın nəticəsində tavanın 30 kv.m sahəsi yanıb. Ümumi sahəsi 150 kv.m olan bir dam altında tikilmiş müxtəlif qeyri-yaşayış sahələri və 1945-ci il təvəllüdlü Elman Müseib oğlu Doluxanova məxsusdur.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən aparılmış araşdırma, o cümlədən müşahidə kameralarının ifadələrinin yoxlanılması və şahidlərin dindirilməsi zamanı yanğının qəsdən törədilməsinə əsaslı şübhələr üzə çıxıb.
Obyekt sahibi E.Doluxanov ifadəsində yanğını oğlunun törətdiyini bildirib. Müəssisədə olan videomüşahidə kameralarının ifadələri yoxlanılarkən yanğının zərərçəkmişin oğlu - 1971-ci il təvəllüdlü Doluxanov Kalif Elman oğlu tərəfindən qəsdən törədildiyi barədə məlumat təsdiqlənib. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara göndərilib.